La Liste mərasimində Azərbaycan mətbəxi Parisdə tanıdılıb
carci.news
Mətbəx

Azərbaycan milli mətbəxi Parisdə La Liste mükafat mərasimində nümayiş edilib

Dünya restoranlarının nüfuzlu reytinqini tərtib edən La Liste platformasının Parisdəki mükafat gecəsində Azərbaycanın zəngin mətbəx irsi tanıdılıb. Ölkəni Dövlət Turizm Agentliyinin nümayəndələri və tanınmış şeflər təmsil edib.

Dünyanın ən nüfuzlu restoran reytinqlərindən biri olan La Liste platformasının Parisdə keçirilən təntənəli mərasimində Azərbaycan mətbəxi geniş auditoriyaya təqdim olunub. Tədbirdə Dövlət Turizm Agentliyinin və ona bağlı Milli Kulinariya Mərkəzinin heyəti, eləcə də ölkənin tanınmış şefləri iştirak edib. Qonaqlara Azərbaycana xas seçmə yeməklər, yerli ərzaq məhsulları və şərablar təqdim olunub.

Tədbirə Azərbaycanın Fransadakı fövqəladə və səlahiyyətli səfiri Leyla Abdullayeva da qatılıb.

Təqdimat çərçivəsində ənənəvi Azərbaycan yeməkləri müasir kulinariya yanaşmaları ilə birlikdə göstərilib, bu da dünya mətbəx ekspertlərinə onların dərinliyini və çoxçalarlığını kəşf etmək şansı verib. Diqqət əsasən Azərbaycanın qida biomüxtəlifliyinin qorunmasına, özünəməxsus məhsulların və milli qastronomik dəyərlərin beynəlxalq aləmdə tanıdılmasına yönəlib. Bildirilib ki, Azərbaycan mətbəxi təkcə yeməklərdən ibarət deyil – o, uzun əsrlər boyu formalaşmış tarixi, mədəni irsi və qonaqpərvərlik ənənələrini özündə ehtiva edən milli dəyərdir.

Turizm Bürosu rəhbəri La Liste təsisçisi ilə danışıqlar aparıb

Azərbaycan Turizm Bürosunun idarə heyəti sədri Florian Zengstşmid platformanın yaradıcısı və rəhbəri Filip For ilə görüşüb. Söhbət zamanı La Liste-in Azərbaycanda tanıdılması, həmçinin ölkə restoranlarının dünya gastronomiya meydançalarında daha fəal iştirakı müzakirə olunub. Tərəflər qeyd edib ki, son dövrdə Azərbaycanın restoran sahəsi milli yeməklərin xaricdə reklamı, nüfuzlu bələdçi və reytinqlərə daxil olması, şeflərin beynəlxalq əməkdaşlığı və qastronomik turizmin genişlənməsi sayəsində dünya miqyasında möhkəmlənib.

Tədbirə müxtəlif ölkələrdən yüzlərlə mütəxəssis – beynəlxalq şeflər, qonaqpərvərlik sektorunun rəhbərləri və media nümayəndələri qatılıb.

2026-2030-cu illər turizm strategiyasında qastronomiya prioritetdir

Azərbaycan Prezidentinin 20 avqust 2026-cı il tarixli sərəncamı ilə təsdiq edilən “Azərbaycanda turizmin inkişafı üzrə Dövlət Proqramı (2026-2030-cu illər)” sənədində qastronomik turizmin təşviqi əsas istiqamətlərdən sayılır. Sənəd 70 ictimai iaşə obyekti barəsində məlumatın La Liste kimi beynəlxalq restoran bələdçilərinin reyestrlərinə əlavə edilməsini, 200 aşpazın beynəlxalq sertifikat almasını və ölkədə müxtəlif miqyaslı qastronomik tədbirlərin təşkilini nəzərdə tutur.

2015-ci ildə əsası qoyulan La Liste bugün 200 ölkədən təxminən 40 min gastronomiya məkanını və 7 mindən artıq oteli əhatə edir. Platformanın fəaliyyəti minlərlə nəşr, 1100-dən çox peşəkar mənbə və milyonlarla müştəri rəyi üzərində qurulur.

IP geolocation by DB-IP