Giləzi-Quşçuluq toyuq əti işi: direktor həbs edilib
carci.news
Hadisələr

Xızıda 400 tondan çox təhlükəli toyuq əti ilə bağlı üç nəfər məsuliyyətə cəlb edilib

“Giləzi-Quşçuluq Aqrar-Sənaye Kompleksi” MMC-nin üç rəhbər şəxsi yararlılıq müddəti bitmiş 400 tondan artıq toyuq ətini satış məqsədilə saxlamaqda təqsirləndirilir. Direktor barəsində həbs, iki nəfər barəsində ev dustaqlığı seçilib.

Bu barədə Baş Prokurorluq və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi birgə məlumat yayıb. Agentlik “Giləzi-Quşçuluq Aqrar-Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin anbarlarında etiketindəki yararlılıq müddəti bitmiş və korlanma əlamətləri olan toyuq əti məhsulları aşkar edib. Fakt üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

İstintaqda əsaslı şübhələr var ki, cəmiyyətə faktiki rəhbərlik edən Mahir Hökümalı oğlu Mirzəyev, direktor Elşən Namiq oğlu Usubov və kəsim sexinin müdiri Nazim Bahadur oğlu Məmmədov əvvəlcədən əlbir olaraq həmin məhsulları Xızı rayonundakı istehsal sahəsində yararlı məhsullarla birlikdə satış üçün saxlayıblar. Onların vəzifə səlahiyyətlərindən sui-istifadə etdikləri də ehtimal olunur.

Hər üçü Cinayət Məcəlləsinin 200-3.2.2 və 200-3.2.3-cü maddələri (insan həyatı və sağlamlığı üçün təhlükəli qida məhsullarının qabaqcadan əlbir olan qrup tərəfindən və külli miqdarda satış məqsədilə saxlanması), habelə 308.2-ci maddəsi (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə) ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. Mirzəyev işdən təşkilatçı qismində keçir.

Binəqədi Rayon Məhkəməsi Elşən Usubov barəsində həbs, Mahir Mirzəyev və Nazim Məmmədov barəsində isə ev dustaqlığı qətimkan tədbiri seçib.

Cinayət işi üzrə istintaq və əməliyyat-axtarış tədbirləri davam edir, nəticələr barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Related posts

Mətbuat Şurası saxta WhatsApp hesabları barədə xəbərdarlıq yayıb

Editor

Qızıl qaçaqmalçılığı işində hərbçinin cəzası 6 ildən 5 il 6 aya endirilib

Editor

Sentyabrda mikromobillik vasitələrindən istifadə rekord göstəriciyə çatıb

Editor
IP geolocation by DB-IP