Azərbaycan Qran-Prisi ərəfəsində Bakıda yarış trasına yaxın mənzillərə tələbat kəskin artıb, bu da qısamüddətli kirayə qiymətlərinin qalxmasına səbəb olub.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin proqnozuna görə, tras ətrafındakı günlük kirayə mənzillərin qiyməti “Formula 1” ərəfəsində əvvəlki dövrlə müqayisədə təxminən 40 faiz bahalaşa bilər. Bu cür mənzillərin günlük kirayəsi 400-600 manat arasında dəyişə bilər, halbuki əvvəllər həmin göstərici 250-400 manat səviyyəsində olub.
Ən çox tələb olunan mənzillər şəhər mərkəzinə yaxın və trasın birbaşa görünə bildiyi yerlərdə yerləşənlərdir. Bununla belə, bazarda daha sərfəli təkliflər də mövcuddur – İçərişəhər yaxınlığında, balkonundan trasın göründüyü 200 kvadratmetrlik, 6 otaqlı bir mənzil gündəlik 150 manata elan edilib. Neftçilər prospektində isə yarışı izləmək üçün üç günlük balkon icarəsi 300 manata təklif olunur.
Tələbatın artmasının başlıca səbəbi kimi Bakıya gələn xarici qonaqların sayının çoxalması göstərilir. Azərbaycan Qran-Prisinin 10-cu ildönümü münasibətilə paytaxta gələn xarici turistlərin sayı 16 mini keçərək bu yarışın Bakıda keçirildiyi dövr üzrə rekord göstərici olub. Ötən il bu rəqəm 14 min nəfər təşkil edib.
Həmçinin bu ilki yarışın biletləri 120-dən artıq ölkədən azarkeş tərəfindən alınıb ki, bu da tədbirin beynəlxalq maraq dairəsinin genişləndiyini göstərir.
Mütəxəssislərin qeyd etdiyinə görə, qiymət artımı əsasən qısamüddətli xarakter daşıyır və yarış günləri ilə məhdudlaşır. Uzunmüddətli kirayə bazarına “Formula 1”-in təsiri isə xeyli az hesab olunur.
