Çexiyanın dövlət televiziyası CT gələn il keçiriləcək “Avroviziya” mahnı müsabiqəsində iştirak etməyəcəyini və yarışmanı yayımlamayacağını açıqlayıb. Qərarın əsas səbəbi kanalın maliyyə xərclərini azaltmaq istəyidir.
CT rəhbərliyi gələcək ilin büdcəsində 350 milyon kron, təxminən 27,4 milyon manat həcmində qənaət etməyi planlaşdırır. Bu məqsədlə telekanal həm müsabiqəyə təmsilçi göndərməkdən, həm də yarışmanın translyasiyasından çəkinməyi qərara alıb.
Kanal rəsmiləri “Avroviziya”da iştirakın özü üçün yüksək maliyyə yükü yaratdığını bildirib. Belə ki, müsabiqəyə qatılma hazırlıq, nümayəndə heyətinin ezamiyyəti və yayım hüquqları ilə bağlı əlavə xərclər tələb edir.
Qeyd edək ki, “Avroviziya”dan imtina edən yeganə ölkə Çexiya deyil. Ötən ay İrlandiya da müsabiqədə iştirak etməyəcəyini elan etmiş, bu addımı isə Qəzzada yaşanan hadisələrlə əlaqələndirmişdi.
