GreenPark hoteli hərraca çıxarıldı: detallar
carci.news
Hadisələr

Rafiq Əliyevin tikdirdiyi “GreenPark” hoteli hərraca çıxarılıb

Bakının Nəsimi rayonunda, Vaqif prospekti 11a ünvanında yerləşən və “GreenPark” hoteli kimi fəaliyyət göstərən 6 mərtəbəli bina icra məmurlarının sifarişi ilə hərrac yolu ilə satışa çıxarılıb.

Satışa çıxarılan obyektin torpaq sahəsi 0,06076 hektardır, binada 50 otaq mövcuddur. Minimum satış qiyməti 5 milyon 561 min 890 manat müəyyən edilib, tikilinin ilkin bazar qiyməti isə 6 milyon 543 min 400 manat olaraq göstərilib.

Həmin ünvanda daha əvvəl “İrşad” adlı hotel fəaliyyət göstərib. Məlumata görə, bu obyekt Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri, “İrşad” İslam Araşdırmaları Mərkəzinin direktoru Rafiq Əliyev tərəfindən tikdirilib. Hazırda “İrşad” İslam Araşdırmaları Mərkəzinin hüquqi ünvanı da məhz Nəsimi rayonu, Vaqif prospekti 11a ünvanındadır.

Tikinti ilə bağlı keçmiş qalmaqallar

Bir neçə il əvvəl Rafiq Əliyev ilə Nəsimi Rayon İcra Hakimiyyəti arasında tikinti məsələsi ilə bağlı anlaşılmazlıq yaşanıb. Rafiq Əliyev iddia edib ki, icra hakimiyyəti Vaqif prospekti 103 ünvanında, 987-ci məhəllədə yerləşən “İrşad” hotelinin yanındakı təxminən 1 sotluq ərazidə tikinti işlərinin aparılmasına mane olub.

O həmçinin bildirib ki, icra hakimiyyəti ondan tikintiyə icazə müqabilində 300 min manat rüşvət tələb edib. Sonrakı açıqlamasında isə Rafiq Əliyev mediada yer alan məlumatlardan sonra tikinti işlərinə icazə verildiyini qeyd edib.

“İrşad” hoteli ilə bağlı daha bir mübahisəli iddia Dubayda yaşayan iş adamı İsa Məhəmməd Salih tərəfindən səsləndirilib. Onun sözlərinə görə, 1996-cı ildə Bakıda namizədlik dissertasiyasını müdafiə edərkən elmi rəhbəri Rafiq Əliyev olub və həmin dövrdə onlar Bakı İslam Universitetinin tələbələri üçün yataqxana tikintisi barədə razılığa gəliblər.

İsa Məhəmməd Salihin iddiasına əsasən, obyekt fəaliyyətə başladıqdan sonra ona 2 il ərzində gəlirdən pay ödənilib. Lakin Rafiq Əliyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin olunduqdan sonra onunla əlaqələri kəsib və sonrakı dövrdə heç bir ödəniş etməyib.

Related posts

Paytaxtın mərkəzində nəqliyyat qadağası artıq hər gün qüvvədədir

Editor

Biləsuvarda zəncirvari qəzada bir nəfər ölüb, dörd nəfər yaralanıb

Editor

Bakıda “Golden Street” hotelinin fəaliyyəti yanğın təhlükəsinə görə dayandırılıb

Editor

Şərh yazın

IP geolocation by DB-IP