VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun başlanmasından öncə Quba şəhərində 44 ölkənin gənc nümayəndələrinin qatıldığı Beynəlxalq Gənclər Forumu öz işinə start verib.
Mədəniyyət Nazirliyinin yaydığı məlumata görə, Quba şəhərində keçirilən Beynəlxalq Gənclər Forumunun açılış mərasimində dövlət qurumlarının və beynəlxalq təşkilatların təmsilçiləri iştirak edib. Tədbirdə çıxış edənlər arasında Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abbasova, Gənclər və İdman Nazirliyinin nümayəndəsi İndira Hacıyeva, Mədəniyyət Nazirliyini təmsil edən Fərid Cəfərov, eləcə də Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) sədri Rafael Hacıbəyli olub.
Çıxış edənlər gənc nəslin fərqli xalqlar arasında qarşılıqlı anlayışı artırmaqda, mədəni körpülər qurmaqda və əməkdaşlıq imkanlarını genişləndirməkdə mühüm rol oynadığını vurğulayıblar. Onlar həmçinin Forumun gənc liderlərə təcrübə mübadiləsi aparmaq, fikir bölüşmək və yeni tərəfdaşlıqlar qurmaq üçün əlverişli platforma yaratdığını qeyd ediblər.
Tədbirə Birləşmiş Millətlər Təşkilatı Sivilizasiyalar Alyansının gənclər şəbəkəsinin üzvləri də qoşulub. Bildirilib ki, Forum çərçivəsində davam edəcək müzakirələr və fəaliyyətlər gənclər arasında dialoq mədəniyyətini və həmrəylik ruhunu daha da möhkəmləndirəcək.
