Azərbaycan Respublikasının Mərkəzi Bankı ödəniş sistemləri üzrə yeni xidmət haqqı tariflərini təsdiqləyib. Dəyişiklik 2027-ci il aprelin 1-dən qüvvəyə minəcək və vətəndaşların kartdan-karta köçürmələrinə təsir edib-etməyəcəyi müzakirə mövzusuna çevrilib.
Yeni tariflərə əsasən, bəzi hesablaşma sistemləri üzrə xidmət haqlarının yuxarı həddi aşağı salınıb, Ani Ödənişlər Sistemi üzrə isə daha əlverişli dərəcələr müəyyən edilib. Mərkəzi Bankın Ödəniş xidmətləri və ödəniş sistemlərinin inkişafı və siyasəti şöbəsinin rəisi Rəşad Qasımov bildirib ki, Real Vaxt Rejimində Hesablaşmalar Sistemi üzrə tariflərin yuxarı həddi iki dəfə, Xırda Ödənişlər üzrə Hesablaşma-Klirinq Sistemi üzrə isə 1,5 dəfə azaldılıb.
Yeni qaydalar həmçinin Banklararası Kart Mərkəzində emal olunan əməliyyatlara da şamil edilir. Dəyişiklik Mərkəzi Bankın operatoru olduğu ödəniş sistemlərinin bütün iştirakçılarına — banklara, operatorlara və digər qurumlara — aiddir.
Mərkəzi Bankdan açıqlanıb ki, yeni tariflər birbaşa qurumla banklar və digər maliyyə təşkilatları arasındakı hesablaşmaları tənzimləyir, yəni bu, banklar sistemdən istifadə edərkən ödədiyi haqlardır və komissiyalar Banklararası Kart Mərkəzinin iştirakçılarından tutulacaq.
Vahid tarif çərçivəsi yaradılır
Bank eksperti Emin Kərimov qeyd edib ki, yeni qaydaların əsas məqsədi kartdan-karta köçürmə zəncirində iştirak edən qurumlar arasında vahid tarif cədvəlinin yaradılmasıdır. Onun sözlərinə görə, bu addım qiymətlərin süni artmasının və tariflərdəki pərakəndəliyin qarşısını almağa xidmət edir, banklar isə köçürmələrin maya dəyərini əvvəlcədən dəqiq hesablaya biləcək.
Ekspert hesab edir ki, yeni tariflərin müştərilərə təsiri bankların bazar davranışından asılı olacaq — iri banklar əlavə xərcləri öz gəlirləri hesabına qarşılaya bilər, kiçik müştəri bazasına malik banklarda isə bu, ikinci və üçüncü köçürmələr üzrə komissiya tətbiqi şəklində özünü göstərə bilər. E.Kərimov əlavə edib ki, dəyişikliyin real effektini qiymətləndirmək üçün aylar, hətta bir-iki il lazım ola bilər.
Nəticə rəqabət mühitindən asılıdır
Bank eksperti İsmayıl Məmmədov vurğulayıb ki, söhbət vətəndaşların kartlarından tutulan komissiyadan yox, bankların kartdan-karta (C2C) əməliyyatlar üzrə banklararası hesablaşmalarda ödədiyi xidmət haqlarından gedir. Onun fikrincə, yeni qaydalar əvvəllər fərqli yanaşmaların mövcud olduğu sahədə daha şəffaf çərçivə yaradır, lakin bu, avtomatik olaraq köçürmələrin bahalaşması demək deyil.
İ.Məmmədov bildirib ki, “yekun nəticə bankların tarif siyasətindən asılı olacaq”. Əgər bankların maliyyə yükü azalarsa və bazarda rəqabət güclü qalarsa, bunun müştərilərə aşağı komissiya kimi əks olunması gözlənilir, əks halda isə əlavə xərclər müştəri tariflərinə daxil edilə bilər. Ekspert həmçinin qeyd edib ki, komissiyaların artması istifadəçilərin rəqəmsal cüzdan və ödəniş tətbiqlərinə marağını gücləndirə bilər.
