Dənizkənarı Milli Parkda zeytun və zeytun məhsullarına həsr olunan ikigünlük tədbir öz qapılarını açıb. Yerli istehsalçılar hazırladıqları məhsulları ziyarətçilərə təqdim etmək üçün pavilyonlar qurublar.
Bakıda, Dənizkənarı Milli Parkın ərazisində zeytunçuluq sahəsinə həsr olunmuş Zeytun Festivalı oktyabrın 24-də start götürüb. Açılış mərasimində bir sıra rəsmi şəxslər iştirak edib: Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, habelə Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyətinin sədri Xanlar Ağalarov.
Qonaqlar festival çərçivəsində qurulan, müxtəlif şirkətlərin öz zeytun növlərini nümayiş etdirdiyi pavilyonları gəzərək istehsalçılarla yaxından tanış olublar.
Bildirilib ki, bu cür tədbirin keçirilməsində əsas niyyət ölkədə zeytun yetişdirilməsinin qədim köklərini geniş kütləyə çatdırmaq, həmin sahədə fəaliyyət göstərən yerli sahibkarları gücləndirmək və bu istiqamətdə milli brend formalaşdırmaqdır.
Festivalın təşkilinə Dövlət Turizm Agentliyi ilə Dənizkənarı Bulvar İdarəsi cavabdehdir, maliyyə dəstəyini isə “Absheron Olive Gardens” və “Olivea” brendləri göstərir.
Tədbir oktyabrın 25-də öz işini davam etdirəcək. İkinci günün proqramına qonaqlar üçün müxtəlif əyləncə tədbirləri və tanınmış estrada ifaçılarının konsertləri daxildir.
Həmçinin oxuyun: Bakı bulvarında Çay Festivalı ziyarətçiləri qarşılayır
