Oktay Saral vəzifədən azad edilib: səbəb Azərbaycan
carci.news
Dünya siyasəti

Ərdoğanın baş müşaviri Oktay Saral vəzifəsindən azad edilib: “Azərbaycanla bağlı açıqlamalarım səbəb olub kimi görünür”

Türkiyə Prezidentinin baş müşaviri Oktay Saral Azərbaycan məktəblərində hicab qadağasını tənqid edən açıqlamalarından təxminən iki həftə sonra vəzifəsindən uzaqlaşdırılıb. Saral bunu jurnalist Talat Atillaya telefon danışığında təsdiqləyib və vəzifədən Prezident Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə getdiyini bildirib.

Türkiyə mətbuatının yaydığı məlumata görə, Talat Atilla Oktay Saralla telefonla əlaqə saxlayaraq ondan vəzifədən azad edilib-edilmədiyini soruşub. Saral “Bəli. Biz vəzifələrə bağlı deyilik. Hörmətli Prezidentimiz vəzifəyə gətirdi, onun göstərişi ilə ayrıldım. Heç kimdən incikliyim yoxdur” cavabını verib.

Jurnalistin “Azərbaycanla bağlı açıqlamalarınıza görəmi?” sualına Saral “Bəli, elə görünür” deyə cavab verib. O, sözlərini “Əhəmiyyətli olan Türkiyə Cümhuriyyətidir. Əhəmiyyətli olan hörmətli Prezidentimizin uğurudur” ifadələri ilə tamamlayıb.

Saralın vəzifədən azad edilməsi barədə ilk məlumatı hakimiyyətə yaxınlığı ilə tanınan jurnalist Fuat Uğur yayıb. Türkiyə Prezident Administrasiyası məsələ ilə bağlı rəsmi açıqlama yaymayıb.

Mübahisə necə başlayıb

Azərbaycanda sentyabrda qüvvəyə minən yeni məktəb forması qaydaları ibtidai, ümumi orta və tam orta təhsil müəssisələrində forma vahidliyini pozan əlavə geyim elementlərindən istifadəni qadağan edib. Türkiyə mətbuatı bundan sonra başörtülü şagird və müəllimlərin məktəblərə buraxılmadığını yazıb.

Oktay Saral oktyabrın 13-də sosial şəbəkə hesabında “Azərbaycanda başörtülü şagirdlərin təhsil hüququnun əngəllənməsi qəbuledilməzdir!” deyə yazmış, Azərbaycanı bu qərardan geri dönməyə çağırmışdı. Yeni Azərbaycan Partiyası bu çağırışa rəsmi açıqlama ilə cavab verərək Saralın və bəzi AK Parti deputatlarının mövqeyini tənqid etmiş, Türkiyəni Azərbaycanın daxili işlərinə qarışmamağa çağırmışdı.

“Middle East Eye” saytı oktyabrın 20-də üç rəsmi şəxsə və məsələdən xəbərdar bir mənbəyə istinadla Bakının Ankaradan Saralın vəzifədən azad edilməsini istədiyini yazmışdı. Bu məlumat rəsmi qaynaqlar tərəfindən təsdiqlənməyib.

Ankara sammiti ərəfəsində

Saralın vəzifədən getməsi oktyabrın sonunda Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının 13-cü Zirvə Toplantısı ərəfəsinə təsadüf edir. Türkiyə Prezident Administrasiyasının İletişim Başqanlığı oktyabrın 21-də Ərdoğanın Prezident İlham Əliyevlə telefonla danışdığını və onu Ankaradakı zirvəyə dəvət etdiyini açıqlamışdı.

Oktay Saral kimdir

Oktay Saral 1967-ci ildə Trabzonun Of rayonunda anadan olub, Qaradəniz Texniki Universitetinin inşaat mühəndisliyi fakültəsini bitirib. O, 2004 və 2009-cu illərdə Of bələdiyyə başçısı seçilib, 2011–2015-ci illərdə AK Partiyadan İstanbul millət vəkili olub. Daha sonra Prezident Rəcəb Tayyib Ərdoğanın baş müşaviri vəzifəsinə təyin edilib.

Related posts

Səudiyyədə iki hava limanına zərbə: 3 ölü, 36 yaralı

Editor

Hindistan XİN başçısı Bakıda Atəşgah məbədinə baş çəkib

Editor

Netanyahu İordan çayının qərb sahilində geniş hərbi əməliyyatdan danışdı

Editor

Şərh yazın

IP geolocation by DB-IP