Gələn ildən Azərbaycanda avtomobil və mənzilin yenidən satışı zamanı ƏDV ümumi məbləğdən deyil, alış və satış qiymətləri arasındakı fərqdən alınacaq. Bu barədə məlumatı vergi orqanının nümayəndəsi parlamentdə keçirilən iclasda bölüşüb.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin baş idarə rəisi Nicat İmanov açıqlayıb ki, gələn ildən etibarən avtomobil və mənzil təkrar satışında ƏDV hesablanma qaydasında dəyişiklik ediləcək. Onun sözlərinə əsasən, vergi artıq əmlakın tam dəyərindən yox, satış və alış qiymətləri arasındakı ticarət fərqindən tutulacaq.
Bu barədə məlumat Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin keçirdiyi iclasda verilib. Rəsmi bildirib ki, hazırkı qaydaya görə avtomobil dilerləri vətəndaşlardan rəsmi şəkildə geri aldıqları nəqliyyat vasitələrini yenidən satışa çıxardıqda 18 faiz ƏDV ödəyirdilər ki, bu da sahibkarlar üçün əlverişsiz şərait yaradırdı.
Biznes nümayəndələrinin bu məsələ ilə bağlı bildirdiyi narazılıqlar nəzərə alınıb və qərar verilib ki, fiziki şəxslərdən nağdsız ödəniş vasitəsilə alınan avtomobillərin sonradan satışında ƏDV yalnız ticarət marjası, yəni alış-satış qiymətləri arasındakı fərq üzərindən hesablansın.
Yenilik daşınmaz əmlak sektorunu da əhatə edəcək
Nicat İmanov qeyd edib ki, oxşar mexanizm tikinti sahəsində çalışan şəxslərə və ümumən daşınmaz əmlak bazarına da tətbiq olunacaq. Fiziki şəxslərdən mənzil alan hüquqi şəxslər, habelə tikinti fəaliyyəti ilə məşğul olan şirkətlər həmin əmlakları yenidən satışa çıxardıqda ƏDV yenə də alış və satış qiymətləri arasındakı fərqdən hesablanacaq.
