Noyabrın 27-də Bakıda Estoniya Respublikasının diplomatik nümayəndəliyinin açılış tədbiri keçirilib. Tədbirdə Estoniya xarici işlər naziri və Azərbaycan xarici işlər naziri iştirak edib.
Bakıda Estoniya səfirliyinin fəaliyyətə başlaması münasibətilə təşkil olunan mərasim hər iki dövlətin himninin ifası ilə açılıb. Tədbirə Estoniya xarici işlər naziri Marqus Tsaxkna qatılıb. Azərbaycan tərəfini isə xarici işlər naziri Ceyhun Bayramov təmsil edib.
Mərasim çərçivəsində Marqus Tsaxkna səfirlik binasının önündə Estoniyanın dövlət bayrağını qaldırıb. Tədbirə Cənubi Koreya, İsveç, Niderland, Latviya, Almaniya və Belçikanın Bakıdakı səfirləri də qoşulub.
Çıxış edən Marqus Tsaxkna bildirib ki, yeni nümayəndəliyin yaradılması iki ölkə arasındakı dostluq münasibətlərinin və uzunmüddətli tərəfdaşlığa sadiqliyin təzahürüdür. O qeyd edib ki, yeni səfirliklərin açılması asan olmasa da və maliyyə vəsaitinin ayrılması üçün danışıqlar tələb etsə də, Tallin üçün Bakıda nümayəndəlik yaratmaq əsas hədəflərdən biri olub, çünki Azərbaycan həm regional, həm də tarixi baxımdan Estoniya üçün çox mühüm tərəfdaşdır. Nazir həmçinin xalqların bir-birini tanıdığını və işgüzar əlaqələrin inkişaf etdiyini vurğulayıb.
Öz növbəsində Ceyhun Bayramov Estoniya səfirliyinin Bakıda açılışını iki dövlət arasındakı əlaqələrin inkişafında mühüm addım kimi dəyərləndirib. O, bu addıma görə Estoniya hökumətinə minnətdarlığını bildirib, estoniyalı həmkarını və səfirlik işçilərini təbrik edib.
Qeyd olunub ki, Azərbaycan ilə Estoniya arasında diplomatik əlaqələr 1992-ci il aprelin 20-də qurulub.
