Bakıda keçirilən Azərbaycan-Avropa İttifaqı Yüksək Səviyyəli Nəqliyyat Dialoqunun üçüncü iclasında Zəngəzur dəhlizinin Trans-Avropa Nəqliyyat Şəbəkəsinə (TEN-T) daxil edilməsi məsələsi müzakirə olunub. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.
İclasda Azərbaycan ilə Avropa İttifaqı arasında nəqliyyat sahəsində əməkdaşlığın prioritet istiqamətləri, bölgələrarası bağlantıların gücləndirilməsi və infrastruktur layihələrinin həyata keçirilməsi müzakirə edilib.
Tərəflər həmçinin Orta Dəhlizin inkişafı üçün Avropa İttifaqının maliyyə və investisiya alətlərindən necə istifadə oluna biləcəyini, Naxçıvan Muxtar Respublikasının nəqliyyat infrastrukturuna Aİ dəstəyinin mümkünlüyünü və Avropa logistika şirkətlərinin Orta Dəhlizə cəlb edilməsi yollarını nəzərdən keçiriblər. Bundan əlavə, aviasiya və dəniz nəqliyyatı sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları da müzakirəyə çıxarılıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev bildirib ki, bu formatda keçirilən dialoq tərəflər arasındakı münasibətlərin müsbət dinamikasının qorunub saxlanmasına yeni imkanlar yaradır və nəqliyyat sahəsindəki əməkdaşlığın daha da inkişafına töhfə verir. Onun sözlərinə görə, bu cür görüşlər görülən işləri qiymətləndirmək, ortaq prioritetləri yenidən təsdiqləmək və gələcək addımları müəyyənləşdirmək üçün əlverişli imkan təqdim edir.
Avropa Komissiyasının Hərəkətlilik və Nəqliyyat üzrə Baş Direktorluğunun (DG MOVE) rəhbəri Maqda Kopçinska qeyd edib ki, keçən il Brüsseldə Azərbaycan nümayəndə heyəti ilə keçirilən görüşdən bəri əməkdaşlıq əhəmiyyətli dərəcədə irəliləyib. O, regional bağlantı, rəqəmsallaşma və aviasiyanı tərəflərin əməkdaşlığı genişləndirmək üçün ortaq maraq kəsb etdiyi başlıca sahələr kimi sadalayıb.
Görüşün sonunda tərəflər dialoqun növbəti mərhələsində müzakirə olunan mövzular üzrə fikir mübadiləsini daha da artırmaq barədə razılığa gəliblər.
