Quba İdman İstirahət Təlim və Tədris Kompleksində 100-dən çox gəncin qatıldığı “Cyber camp” düşərgəsi öz işinə başlayıb. Tədbir 30 Noyabr Beynəlxalq Kompüter Təhlükəsizliyi Gününə ithaf olunub və noyabrın 30-dək davam edəcək.
Quba Cyber camp düşərgəsinin təşkilinə Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA) rəhbərlik edir. Layihə Gənclər və İdman Nazirliyinin dəstəyi, Dövlət Təhlükəsizliyi Xidmətinə bağlı Milli Kibertəhlükəsizlik Mərkəzi ilə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi üzrə Dövlət Xidmətinin birgə iştirakı ilə reallaşdırılır.
Düşərgəyə ölkənin ayrı-ayrı bölgələrindən gələn 40-dan çox yeniyetmə və gənc cəlb olunub. Bundan əlavə, AKTA-nın dəstəyi ilə ölkə üzrə 22 universitetdə fəaliyyət göstərən kibertəhlükəsizlik klublarının üzvləri də tədbirə qatılıb ki, bu da ümumi iştirakçı sayını 100-dən yuxarı qaldırıb.
Düşərgə boyunca AKTA-nın ekspert heyəti iştirakçılar üçün təlim seansları, ustad dərsləri və praktiki tapşırıqlar təşkil edəcək. Proqramın sonunda gənclər qazandıqları bilikləri “Gənclərin CTF Kuboku 2026” müsabiqəsində praktikada tətbiq edəcəklər.
