Milli Məclisin plenar iclasında “Dövlət rüsumu haqqında” Qanuna dəyişikliklər birinci oxunuşda qəbul edilib. Dəyişikliklərə görə, məhkəmə əmri haqqında ərizə verilməsinə görə dövlət rüsumu 4 dəfə azaldılaraq 25 manat ediləcək.
Mülki Prosessual Məcəlləyə əsasən, əmr icraatı aşkar və mübahisəsiz tələblər, məsələn, müəyyən pul məbləğinin ödənilməsi və ya əmlakın tələb olunması ilə bağlı işlərə tətbiq edilir. Belə hallarda məhkəmə əmri tələb daxil olduqdan sonra 3 gün ərzində, baxış keçirilmədən və tərəflər çağırılmadan verilir və icra sənədi statusunu alır.
Hazırda bu cür ərizə üçün 100 manat dövlət rüsumu tutulur. Müqayisə üçün, dəyəri 1 000 manatadək olan adi iddia ərizəsinə 30 manat rüsum tətbiq olunur, 10 000 manatadək iddialarda isə əlavə olaraq iddia məbləğinin 1 faizi alınır — məsələn, 2 000 manatlıq tələbdə rüsum cəmi 40 manat təşkil edir.
Qanunvericiliyə görə, ərizəçilər əmr icraatına uyğun tələblərlə adi iddia icraatı qaydasında da məhkəməyə müraciət edə bilirlər. Lakin mövcud yüksək rüsum bu kiçik və mübahisəsiz tələblərin əmr icraatı əvəzinə daha mürəkkəb iddia icraatına yönəlməsinə səbəb olur ki, bu da məhkəmə xərclərini və məhkəmələrin vaxt məsrəfini artırır.
Layihəni hazırlayanlar bildirir ki, rüsumun azaldılması ərizəçiləri aşkar tələblər üzrə məhz əmr icraatını seçməyə sövq edəcək və mübahisələrin daha tez həll olunmasına şərait yaradacaq.
Apellyasiya və kassasiya şikayətləri üçün yeni qayda
Sənəddə ikinci dəyişiklik qiymətləndirilən iddialar üzrə apellyasiya, kassasiya və əlavə kassasiya şikayətlərinə görə rüsumun hesablanma qaydasına aiddir. Hazırda bu şikayətlər üçün rüsum müvafiq iddia üzrə müəyyən edilmiş məbləğin 50 faizi həcmində tutulur, hesablama isə ilkin iddianın tam məbləğinə əsaslanır.
Yeni qaydaya əsasən, hesablama zamanı iddianın bütün məbləği deyil, yalnız mübahisələndirilən hissə nəzərə alınacaq. Bununla şikayətçinin maliyyə yükü faktiki mübahisə etdiyi hissə ilə məhdudlaşacaq.
Qanun layihəsinin məqsədi əmr icraatının daha geniş tətbiqini təmin etmək, məhkəmə resurslarından səmərəli istifadəyə şərait yaratmaq və yuxarı instansiya məhkəmələrinə müraciət edənlərin xərclərini azaltmaqdır. Müzakirələrdən sonra layihə səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
