Pakistanda azərbaycanlı qadın qrup halında zorlanmaya məruz qalıb - carci.news
carci.news
Hadisələr

Pakistanda azərbaycanlı qadın qrup halında zorlanmaya məruz qalıb

Fransanın AFP agentliyinin məlumatına görə, Bakıdan olan 20 yaşlı qadın Pakistanın Lahor şəhərində üç kişi tərəfindən əvvəlcə ona narkotik maddə verilməklə, sonra isə qrup şəklində zorlanmaya məruz qalıb. Agentlik bildirir ki, bu barədə qadının polisə etdiyi şikayət əsasında istintaq başladılıb.

AFP-nin yaydığı məlumata əsasən, işgüzar məqsədlə Pakistanda olan qadın şənbə günü Raiwind qəsəbəsindəki Defence Housing Authority adlanan ərazidə hücuma məruz qalıb. Onun polisə verdiyi ərizədə deyilir ki, iki qadın yanına gəlib onu yaxınlıqdakı restoranda birgə şam yeməyinə dəvət edib, sonra isə onlara üç kişi qoşulub.

Agentliyin qeyd etdiyinə görə, restorandan ayrılarkən kişilər qadını və onunla birlikdə olan digər iki xanımı öz avtomobilləri ilə evlərinə çatdırmağı təklif ediblər, ancaq bunun əvəzinə onu tanımadığı bir mənzilə aparıblar. Şikayətdə göstərilir ki, orada ona narkotik verilib və gecə saat 02:00-a kimi bir neçə nəfər tərəfindən zorlanıb, bundan sonra Qazi qovşağının yaxınlığında tək qoyulub. Qadının sözlərinə görə, təcavüzkarlar onun telefonunu və digər dəyərli əşyalarını da özləri ilə aparıblar.

AFP-nin verdiyi bilgiyə əsasən, Lahor polisinin baş müfəttiş müavini Faisal Kamran bildirib ki, hadisəyə qarışdığı iddia olunan üç şəxs artıq müəyyənləşdirilib və onların axtarışı üçün xüsusi polis dəstələri yaradılıb. O, həmçinin cinayətdə istifadə edildiyi güman edilən avtomobilin də ələ keçirildiyini əlavə edib.

Qadının bildirdiyinə görə, ona hücum edən kişilər onu şam yeməyinə çağıran qadınların tanışları olub və restorana çatdıqda onlar artıq orada olublar. O, üzlərini xatırladığı üçün şübhəliləri tanıya biləcəyini vurğulayıb. Agentliyin məlumatına görə, polis üç nəfər barədə cinayət işi başladıb və onları Provisional National Identification List adlanan siyahıya salıb ki, bu da həmin şəxslərə 30 gün müddətinə ölkədən çıxmaq qadağası qoyur.

AFP qeyd edir ki, Lahor bu günlərdə artan cinsi zorakılıq problemi ilə üzləşib — Pəncab əyalətinin mərkəzi sayılan şəhərdə cari ilin yalnız ilk səkkiz ayı ərzində 1.180 cinsi təcavüz faktı qeydə alınıb. Agentlik həmçinin xatırladır ki, iyul ayında Hollandiya və Venesueladan olan iki qadın da eyni bölgədə qaçırılaraq zorlanıb, iki saatdan sonra polis tərəfindən xilas edilib, hadisə ilə bağlı dörd nəfər şübhəli saxlanılıb.

Related posts

Kanadada helikopter qəzaya uğrayıb, dörd nəfər həlak olub

Editor

QMİ-də Anım Günü münasibətilə anım tədbiri keçirilib

rashadamiraliyev

İstanbulda yeddimərtəbəli bina uçub, dağıntı altında insanlar var

Editor

Şərh yazın

IP geolocation by DB-IP