Müdafiə Nazirliyi ilə bağlı korrupsiya işində təqsirləndirilən şəxslər 160 milyon manatlıq dövlət ziyanının 41 milyon manata yaxın hissəsini artıq ödəyiblər. Bunun 12 milyon manatını Maliyyə və Büdcə İdarəsinin keçmiş rəisi, general-mayor Nizami Məmmədov qaytarıb.
Ödənilən 41 milyon manatlıq vəsaitin 38 milyon manatı ibtidai istintaq zamanı, iki milyon manatdan bir qədər artıq hissəsi isə birinci instansiya və apellyasiya məhkəməsi prosesləri gedərkən dövlət xəzinəsinə qaytarılıb. İşdə təqsirli bilinən şəxslərin əmlakı da dövlət xeyrinə müsadirə olunub.
11 il 6 ay azadlıqdan məhrum edilən general-mayor Nizami Məmmədovdan başqa, qalan məbləğ digər təqsirkarların hesabına ödənilib. Ümumi ziyanın 143 milyon manatlıq hissəsi məhz Nizami Məmmədov və qoşun növlərinin rəislərinin adı ilə bağlıdır, qalan hissə isə daha əvvəl məhkum olunmuş zabitlərə və işdə adı çəkilən digər şəxslərə aiddir.
Apellyasiya baxışının yekun iclasında Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadə azad edilməsi müqabilində ziyanın öz üzərinə düşən qalan hissəsini də ödəməyə hazır olduğunu bildirib. Dörd ildən artıq cəza çəkən və 10 il 6 ay müddətinə məhkum olunan Əlizadə həbsdə qalmaqdansa, borcu ödəməyin daha vacib olduğunu vurğulayıb.
Bakı Apellyasiya Məhkəməsi isə zabitlərin şikayətlərini rədd edərək onların həbsdə saxlanılması barədə qərarı dəyişməz saxlayıb. Bildirilib ki, məhkum olunan şəxslər bu qərardan kassasiya qaydasında şikayət edəcəklər, işin yekun nəticəsini isə Ali Məhkəmə müəyyən edəcək.
