Xarici işlər nazirinin müavini Elnur Məmmədov 23-26 noyabr tarixlərində Avstraliyaya səfər edərək növbəti Azərbaycan-Avstraliya siyasi məsləhətləşmələrində iştirak edib və ölkənin müxtəlif dövlət, parlament və biznes qurumlarının nümayəndələri ilə görüşüb.
Elnur Məmmədovun Avstraliya səfəri genişləndirilmiş formatda keçirilən Azərbaycan-Avstraliya siyasi məsləhətləşmələri ilə başlayıb. Tədbirdə Azərbaycan tərəfini təmsilən “AzərGold” Qapalı Səhmdar Cəmiyyətinin, eləcə də Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyinin əməkdaşları da yer alıb.
Nazir müavininin başçılıq etdiyi nümayəndə heyəti Avstraliyanın Xarici İşlər və Ticarət Departamenti (DFAT) rəsmiləri ilə görüşüb, iki ölkə arasındakı münasibətlərin hazırkı mənzərəsini, siyasi dialoqun gücləndirilməsi yollarını, əməkdaşlıq imkanlarını və ortaq əhəmiyyət kəsb edən regional mövzuları müzakirə edib.
Proqram çərçivəsində Avstraliya parlamentinin Nümayəndələr Palatasının sədri Milton Dick, həmçinin Avstraliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun həmsədrləri və üzvləri ilə ayrıca təmaslar təşkil olunub. Bundan başqa, heyət müxalifətin xarici siyasət üzrə kölgə naziri Ted O’Brien və iqlim, enerji mövzularına cavabdeh kölgə nazir Dan Tehan ilə də fikir mübadiləsi aparıb. Bu görüşlərdə əsas diqqət parlamentlərarası bağların möhkəmləndirilməsinə və parlament diplomatiyasının ikitərəfli əməkdaşlıqdakı roluna yönəlib.
Enerji, innovasiya və ticarət mövzularında danışıqlar
Avstraliyanın İqlim Dəyişikliyi, Enerji, Ətraf Mühit və Su Ehtiyatları Departamenti (DCCEEW) və Avstraliya Birliyinin Elmi-Sənaye Araşdırmaları Təşkilatı (CSIRO) təmsilçilərinin qatıldığı görüşdə bərpaolunan enerji, yeni texnologiyalar və mədənçilik sahəsində əməkdaşlıq fürsətləri nəzərdən keçirilib. Bununla yanaşı, Avstraliya Ticarət və İnvestisiya Komissiyasının (Austrade) rəsmiləri ilə keçirilən görüşdə ticari-iqtisadi bağların genişlənməsi, investisiya axınlarının artırılması və biznes dairələri arasında birbaşa əlaqələrin qurulması müzakirə olunub. Bu müzakirələr zamanı İqtisadiyyat Nazirliyinə bağlı Agentlik və “AzərGold” nümayəndələri müvafiq təqdimatlarla çıxış ediblər.
Kanberra İnnovasiya Şəbəkəsi (CBRIN) nümayəndələri ilə keçirilən görüşdə Avstraliya Paytaxt Ərazisindəki innovasiya və sahibkarlıq təcrübəsi araşdırılıb, yeni ixtiraların bazara çıxarılma yolları nəzərdən keçirilib.
Yeni Cənubi Uels ştatında görüşlər davam edib
Daha sonra Elnur Məmmədov Yeni Cənubi Uels ştatına yollanıb və orada Qanunvericilik Şurasının rəhbəri Bencamin Franklinlə görüşüb. Görüş zamanı Azərbaycan ilə bu ştat arasında parlamentlərarası əlaqələrin inkişaf etdirilməsi mövzusu müzakirə edilib.
İllavarra bölgəsinə etdiyi səfər zamanı nümayəndə heyəti Vollonqonq Universitetinin İnnovasiya Kampusuna baş çəkib, burada elmi işlərin kommersiya layihələrinə çevrilməsi və gənc şirkətlərə dəstək verilməsi üsulları ilə tanışlıq əldə edib. Vollonqonq şəhərinin meri Tanya Braun, universitetin Vitse-kansleri və Prezidenti Max Lu AO, həmçinin bölgənin işgüzar dairələrinin nümayəndələri ilə keçirilən görüşlərdə yerli innovasiya mühitinin inkişafına dair birgə addımlar müzakirə olunub.
