Yeni Azərbaycan Partiyasının İdarə Heyəti Ramiz Mehdiyevin partiya üzvlüyünə xitam verib və onun dövlət təltiflərindən məhrum olunması üçün aidiyyəti dövlət qurumlarına vəsatət qaldırılmasını məqsədəuyğun sayıb.
Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyəti növbəti toplantısında Ramiz Mehdiyevin partiya tərkibindən çıxarılması haqqında qərar qəbul edib. Görüş partiyanın VIII Qurultayından sonra formalaşan yeni İdarə Heyətinin ilk iclası olub, mövzunu isə müzakirəyə YAP sədrinin müavini, Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov çıxarıb.
Tahir Budaqov bildirib ki, regionlardakı partiya təşkilatlarının keçirdiyi toplantılarda ağır cinayətlərlə ittiham olunan Ramiz Mehdiyevin partiyadan uzaqlaşdırılması və dövlət mükafatlarından məhrum edilməsi istiqamətində çoxsaylı tələblər irəli sürülüb. Onun sözlərinə görə, bu barədə daxil olan saysız müraciətlər nəzərə alınaraq, mövzu İdarə Heyətinin baxışına təqdim olunub.
İclas zamanı çıxış edən YAP sədrinin müavini Əli Əhmədov və İdarə Heyətinin üzvləri — Elmar Qasımov, Eldar İbrahimov, Hikmət Məmmədov, Mübariz Qurbanlı, Bahar Muradova, Anar İsgəndərov, Musa Quliyev, Ziyafət Əsgərov — qeyd ediblər ki, bu mövzu ictimaiyyət tərəfindən yaxından izlənilib. Onlar vurğulayıblar ki, dövlətə qarşı xəyanət, hakimiyyəti qeyri-qanuni yolla ələ keçirmə cəhdi və digər ittihamlarla üzləşən Ramiz Mehdiyevin artıq partiyada təmsil olunmaq üçün siyasi-mənəvi haqqı qalmayıb.
Dövlət təltifləri ilə bağlı qərar
Müzakirələrin sonunda İdarə Heyəti yekdilliklə Ramiz Ənvər oğlu Mehdiyevin Yeni Azərbaycan Partiyası üzvlüyünə xitam verilməsini qərarlaşdırıb. Bununla yanaşı, onun sahib olduğu dövlət təltiflərindən məhrum edilməsi üçün müvafiq dövlət strukturlarına rəsmi vəsatət ünvanlanması da dəstəklənib.
Eyni iclasda partiyanın Veteranlar Şurasının yenilənmiş heyəti də təsdiqlənib. Yeni tərkibdə Ramiz Mehdiyevin adı yer almayıb.
Həmçinin oxuyun: Ramiz Mehdiyevin işi üzrə məhkəmə iclası bu gün keçiriləcək
