Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Ramin Rzayev bildirib ki, bu il icbari tibbi sığorta hesabına 50 pasiyentə sümük iliyi transplantasiyası əməliyyatı aparılıb, bu rəqəm əvvəlcədən planlaşdırılan 20 nəfərdən 2,5 dəfə çoxdur.
Açıqlama “Dövlət-biznes əməkdaşlıq forumu” çərçivəsində keçirilən panel sessiyada səslənib. Ramin Rzayev qeyd edib ki, ilkin olaraq xidmətlər zərfi çərçivəsində sümük iliyi transplantasiyası üzrə ildə cəmi 20 pasiyentə dəstək nəzərdə tutulsa da, yüksək maliyyə tutumuna baxmayaraq, bu göstərici il ərzində 50-yə qaldırılıb.
Sədrin sözlərinə görə, hazırda xidmətlər zərfinə 3318 adda tibbi xidmət daxildir. Bura ilkin səhiyyə xidmətləri, ailə həkimlərinin, yerlərdəki tibb məntəqələrinin, habelə evdə göstərilən xidmətlər də aiddir.
Ramin Rzayev agentliyin strateji hədəfinin ölkədə ən çox tələb olunan tibbi xidmətləri icbari tibbi sığorta fondunun maliyyə resursları ilə əhatə etmək olduğunu vurğulayıb.
Özəl kliniklər üçün elektron müraciət sistemi
Agentliyin rəhbəri həmçinin bildirib ki, özəl tibb müəssisələrinin agentliklə əməkdaşlığa qoşulması üçün müraciət prosesi dəyişəcək. Belə ki, müqavilə bağlamaq istəyən müəssisələr artıq hər hansı mərkəzə şəxsən baş çəkmədən, elektron formatda ərizə verə biləcəklər.
Onun sözlərinə görə, bu müraciətlər agentlik tərəfindən elektron mühitdə qəbul olunub dərhal qiymətləndiriləcək, xidmətə uyğunluq barədə qərar veriləcək və müəssisələr nəticə barədə bildirişi sistem vasitəsilə alacaqlar.
