Böyük Britaniyanın İxrac Maliyyələşdirməsi Agentliyi (UKEF) Azərbaycandaki layihələr üçün 5 milyard funt-sterlinq həcmində maliyyə dəstəyi imkanına malik olduğunu bildirib. Agentliyin nümayəndəsinə görə, bu vəsaitin hələ cüzi hissəsi istifadə olunub.
UKEF-in qlobal biznesin təşkili üzrə həmsədri Natalya Sergeyeva II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində bildirib ki, agentliyin Azərbaycan üzrə ayırdığı 5 milyard funt-sterlinqlik limitin böyük əksəriyyəti hələ istifadə olunmayıb. Onun sözlərinə görə, bu, ölkəyə əlavə kapital cəlb etmək üçün geniş imkan yaradır.
Sergeyeva qeyd edib ki, həmin vəsait “təmiz” enerji, nəqliyyat, Orta Dəhliz ilə bağlı layihələr, qabaqcıl istehsal, süni intellekt infrastrukturu və məlumat mərkəzləri sahələrinə yönəldilə bilər.
“Azərbaycan üçün 5 milyard funt-sterlinq limitimiz var, onun yalnız kiçik bir hissəsi artıq işə salınıb”, – deyə o vurğulayıb.
Agentliyin nümayəndəsi həmçinin bildirib ki, UKEF Azərbaycan tərəfi ilə britaniyalı şirkətlər arasında əlaqələrin qurulmasına da dəstək verə bilər. Onun sözlərinə görə, bu, layihələrin Britaniya maliyyələşdirmə tələblərinə uyğunlaşdırılması baxımından əhəmiyyətlidir.
Sergeyeva əlavə edib ki, UKEF layihələrin investisiya baxımından cəlbedici və reallaşdırıla bilən struktura salınması üçün beynəlxalq banklar və ixrac-kredit agentlikləri ilə birgə çalışır. Onun sözlərinə görə, agentlik ölkə üçün əhəmiyyət kəsb edən layihələrə bütöv bir maliyyə dəstəyi paketi təklif edir.
O, Bakı Fond Birjası ilə əməkdaşlıq məsələsinə də aydınlıq gətirərək bildirib ki, UKEF zəmanət təqdim edir, Bakı Fond Birjası isə ayrı bir kapital mənbəyi kimi çıxış edir.
