Uşağa qulluq müavinəti 6 aylıq stajla şərtlənəcək
carci.news
Sosial müdafiə

Əmək Məcəlləsinə dəyişiklik: uşağa qulluq müavinəti 6 aylıq stajla şərtləndirilə bilər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üç yaşına qədər uşağa baxan valideynlərə müavinət ödənilməsi üçün ən azı altı aylıq sosial sığorta stajının mövcudluğunu şərt kimi irəli sürüb. Təklif parlamentin müvafiq komitəsinin müzakirəsinə çıxarılıb.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçirdiyi iclasda uşağa qulluq müavinəti ilə bağlı yeni qaydalar gündəmə gətirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nazir müavini Zaur Əliyev Əmək Məcəlləsinə hazırlanan dəyişiklik layihəsini təqdim edərkən bildirib ki, üç yaşınadək uşağa baxan şəxslərin müavinət ala bilməsi üçün minimum altı ay sosial sığorta stajına malik olması nəzərdə tutulur.

Zaur Əliyevin izah etdiyinə görə, bu şərt yalnız maddi yardımın ödənilməsinə aiddir, uşağa qulluqla bağlı sosial məzuniyyətdən istifadə hüququna toxunmur. Başqa sözlə, işçi stajından asılı olmayaraq həmin məzuniyyətdən faydalana biləcək.

Nazir müavini əlavə edib ki, bununla bağlı digər qanunvericilik aktlarındakı müvafiq normalar da eyni məntiqə uyğunlaşdırılacaq.

Sığorta stajı tələbinin səbəbləri

Zaur Əliyevin sözlərinə görə, hazırda minimum sığorta stajı tələb olunmadığı üçün sistemdə sui-istifadə ehtimalı yüksəlir, bu da müavinətin məbləğinin artırılması istiqamətində atılacaq addımları ləngidir. O vurğulayıb ki, altı aylıq staj şərti sistemin maliyyə dayanıqlılığını möhkəmləndirmək baxımından böyük rol oynayacaq.

Onun sözlərinə görə, yeni qayda sosial sığorta ödənişlərinə vahid yanaşma gətirməklə yanaşı, təkcə müavinət almaq xatirinə formal əmək münasibəti qurulması hallarının qarşısını da alacaq. Nazir müavini bildirib ki, bu addım gələcəkdə ödəniş məbləğinin artırılması üçün daha sağlam zəmin yaradacaq.

Related posts

Gəncə Reabilitasiya Mərkəzi ləğv edilir

Editor

Övladlığa götürmədə namizədin uşaqla görüş müddəti yarıya endirilib

Editor

Füzuliyə köçürülən 1100-dən çox nəfər məşğulluq tədbirlərinə cəlb edilib

Editor
IP geolocation by DB-IP