“Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə əsasən, təhsil sahəsinə 5 milyard 98 milyon 986 min manat vəsait ayrılması planlaşdırılır. Bu, 2026-cı ilin təsdiqlənmiş büdcəsindən 82 milyon 589 min manat, yəni 1,6 faiz çoxdur.
2026-cı ilin dövlət büdcəsində təhsilə 5 milyard 16 milyon 398 min manat ayrılmışdı. Beləliklə, 2027-ci il üçün nəzərdə tutulan artım fonunda sahə üzrə ümumi maliyyələşmə həcmi yüksəlməkdə davam edir.
Təhsilin sahələr üzrə maliyyələşməsi necə bölünür
Layihəyə görə, 2027-ci ildə ümumi təhsilə 2 milyard 185 milyon 407 min manat yönəldiləcək. Məktəbəqədər təhsil üçün 434 milyon 774 min manat, ali təhsil üçün 240 milyon 553 min manat, peşə təhsili üçün isə 115 milyon 405 min manat vəsait planlaşdırılır.
Müqayisə üçün, 2026-cı ildə ümumi təhsilə 2 milyard 414 milyon 835 min manat, məktəbəqədər təhsilə isə 468 milyon 192 min manat ayrılmışdı.
Bəzi istiqamətlərdə azalma nəzərdə tutulur
Təhsil üzrə ümumi xərclərin artmasına baxmayaraq, ümumi təhsilə ayrılan məbləğin 229,4 milyon manat (9,5 faiz), məktəbəqədər təhsilə ayrılan vəsaitin isə 33,4 milyon manat (7,1 faiz) azaldılması planlaşdırılır.
