İsrail Baş naziri Benyamin Netanyahu açıqlayıb ki, ordu İordan çayının qərb sahilində 1967-ci ildən bu yana analoqu olmayan miqyasda hərbi əməliyyat hazırlayır. Bəyanat bölgədə İsrail nəzarət-keçid məntəqəsinə edilən silahlı basqından sonra səslənib.
Netanyahu bildirib ki, hökumət İordan çayının qərb sahilində son dərəcə böyük həcmli hərbi əməliyyat seçimini müzakirə edir. Onun sözlərinə görə, belə bir addım 1967-ci ildən indiyədək görünməmiş səviyyədə olacaq və əməliyyatın başlama tarixini İsrail tərəfi özü təyin edəcək.
Bu açıqlamadan əvvəl İordan çayının qərb sahilindəki İsrail hərbi nəzarət-keçid məntəqəsinə silahlılar tərəfindən hücum törədilmişdi. Basqın zamanı iki İsrail əsgəri öldürülüb, üç nəfər isə xəsarət alıb.
Xatırladaq ki, 1967-ci ildə İsraillə bir sıra ərəb ölkələri arasında baş vermiş Altıgünlük müharibə zamanı İsrail qoşunları Suriyaya aid Colan təpələrini və Misirin Sinay yarımadasını öz nəzarətinə keçirmişdi. Colan təpələri bu günədək İsrailin idarəçiliyi altında qalmaqdadır.
