Azərbaycan tarixində ilk dəfə qarüstü polo üzrə Dünya Kubokuna ev sahibliyi edəcək. Üç günlük turnir 2027-ci il fevralın 19-21-də Şahdağ qış-turizm kurortunda təşkil olunacaq.
Tədbir barədə məlumatı Azərbaycan Respublikası Atçılıq Federasiyası yayıb. Qurumun açıqlamasına görə, dörd ölkənin komandası kuboku qazanmaq üçün yarışacaq.
Azərbaycanı “Land of Fire” komandası təmsil edəcək. Rəqib komandalar sırasında İsveçrənin “Evviva”, Avstriyanın “Kitzbühel” və ABŞ-ın “Aspen” klubları yer alır.
Yarışlarda atların fiziki gücü ilə yanaşı, oyunçuların çeviklik və taktiki məharəti də önəmli rol oynayacaq. Qarla örtülü meydançada keçiriləcək qarşılaşmalarda komandalar sürət və dəqiqlik baxımından sınağa çəkiləcək.
Şahdağın qış mənzərəsi fonunda baş tutacaq oyunlarda gözlənilməz hücum epizodlarının olacağı bildirilir. Dünya Kubokunun Azərbaycanda keçirilməsi ölkənin qarüstü polo üzrə beynəlxalq təqvimə ilk dəfə daxil olmasına səbəb olub.
