CEOWORLD Magazine nəşrinin dünya üzrə apardığı mütaliə araşdırmasına əsasən, Azərbaycan əhalisi hər il orta hesabla 3,25 kitab mütaliə edir və bu məşğuliyyətə 74 saat ayırır.
Araşdırmanın nəticələrinə görə, mütaliə göstəricilərinə görə reytinqin başında ABŞ dayanır: bu ölkədə bir nəfərə ildə təxminən 17 kitab düşür, kitab oxumağa isə 357 saat sərf olunur. Siyahının ikinci pilləsində 16 kitab və 352 saat göstəricisi ilə Hindistan, üçüncü sırada isə 15 kitab və 343 saat nəticəsi ilə Böyük Britaniya qərarlaşıb.
Fransa 14 kitab və 305 saatlıq göstərici ilə dördüncü yeri tutub, İtaliya isə 13 kitab və 278 saatla beşinciliyi qazanıb. Rusiyada adambaşına illik mütaliə həcmi 11 kitab, buna sərf olunan vaxt isə 223 saat təşkil edib ki, bu da ölkəni yeddinci pilləyə yüksəldib.
Tədqiq olunan dövlətlər sırasında kitab oxuma faizinin ən aşağı olduğu yerlər də müəyyənləşib: Əfqanıstanda bu rəqəm 2,56, Bruneydə 2,59, Pakistanda isə 2,6 kitab səviyyəsində qalıb.
Çap kitabları hələ də aktualdır
Nəşrin məlumatına görə, rəqəmsal və səsli kitab formatlarının populyarlaşmasına baxmayaraq, bir sıra ölkələrdə çap nəşrləri öz dəyərini itirməyib. Bu tədqiqat CEOWORLD Magazine Consumer Insights qurumu tərəfindən dünya miqyasında keçirilən və 6,5 milyondan çox iştirakçını əhatə edən sorğu əsasında hazırlanıb.
