Noyabrın 6-da Beynəlxalq Muğam Mərkəzi 8 Noyabr Zəfər Gününə həsr olunmuş konsert təqdim edəcək. Tədbirdə Əməkdar kollektiv Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri çıxış edəcək.
Noyabrın 6-da keçiriləcək Zəfər Gününə həsr olunmuş konsert Beynəlxalq Muğam Mərkəzinin səhnəsində baş tutacaq. Orkestrə Prezident mükafatçısı, dirijor Mustafa Aşurov rəhbərlik edəcək.
Tədbir çərçivəsində vətənpərvərlik ruhu daşıyan musiqi nümunələri ifa olunacaq. Təqdim ediləcək əsərlər vasitəsilə Vətənə sevgi, xalqın qəhrəmanlıq tarixi, milli qürur hissi və tarixi Qələbənin sevinci musiqi dilində canlandırılacaq.
Bu il eyni zamanda Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin təsis edilməsindən 95 il keçir. Yubiley çərçivəsində il boyunca orkestrin iştirak edəcəyi müxtəlif tədbir və konsert proqramlarının təşkili nəzərdə tutulub.
Zəfər Gününə həsr olunmuş tədbirə biletlər Bakı şəhərinin bilet kassalarında satışa çıxarılıb.
