Koreya Respublikasının Çanqvon şəhərində təşkil edilən 21-ci “Miqrantların Ariranq Multikultural Festivalı”nda Azərbaycanın milli adət-ənənələri, geyimləri və çay mədəniyyəti nümayiş etdirilib. Tədbirdə Azərbaycan Diasporuna Dəstək Fondunun (ADDF) dəstəyi ilə ayrıca guşə yaradılıb.
Azərbaycan guşəsində ölkənin tarixi və mədəni irsi ilə yanaşı, kəlağayı sənəti və milli musiqi nümunələri də koreyalı və xarici qonaqlara təqdim olunub. Festivala gələnlər bu guşə vasitəsilə Azərbaycan xalqının mədəni dəyərləri barədə məlumat əldə edib.
Təşkilatçılar guşənin digər xalqlarla mədəni əlaqələrin inkişafına və Azərbaycanın beynəlxalq arenada tanınmasına töhfə verdiyini bildirib.
Layihəyə Koreyada yaşayan soydaşımız Günay Kərimova rəhbərlik edib, ona Leyla Məsimli və Əzizə Hüseynzadə dəstək göstərib.
MAMF Cənubi Koreyanın ən iri multikultural tədbirlərindən biri hesab olunur və yerli hakimiyyət orqanları, Kyonqsannam əyalətinin Miqrant İşçilərin Rifahı Mərkəzi, həmçinin Çanqvon Mədəniyyət Fondu tərəfindən təşkil edilib.
