2027-ci il dövlət büdcəsinin layihəsinə əsasən, neft-qaz sektoru və dövlət qurumları istisna olmaqla, muzdla çalışanların gəlirindən tutulan verginin faizi 3-dən 5-ə yüksəldiləcək. Dəyişiklik artıq gələn ilin büdcə hesablamalarına daxil edilib.
Milli Məclisdə İqtisadi siyasət, sənaye və sahibkarlıq məsələləri üzrə komitənin iclasında müzakirəyə qoyulan 2027-ci il dövlət büdcəsinin layihəsinə görə, qeyri-neft-qaz sahəsində və qeyri-dövlət sektorunda muzdlu əməklə çalışanlardan tutulan gəlir vergisinin dərəcəsi artırılacaq. Hazırda 3 faiz olan bu dərəcə 5 faizə çatdırılacaq və göstərici gələn ilin büdcə hesablamalarında nəzərə alınıb.
Sənədə görə, 2027-ci ildə fiziki şəxslərdən yığılan gəlir vergisi hesabına dövlət xəzinəsinə 3 milyard 70 milyon manat vəsait daxil olacağı gözlənilir. Göstərici 2026-cı il üçün planlaşdırılan məbləğdən 690,7 milyon manat, başqa sözlə 29 faiz yüksəkdir.
Bu məbləğin əsas hissəsini — 2 milyard 758,3 milyon manatını — işçilərin əmək haqqından tutulan vergi təşkil edəcək. Yerdə qalan 311,7 milyon manat isə sahibkarlıq və digər fəaliyyət növlərindən əldə edilən gəlirlərə tətbiq olunan vergi hesabına formalaşacaq.
Sənəddə qeyd olunub ki, bu artımın təkcə vergi faizinin qaldırılmasından deyil, həm orta maaşların yüksəlməsindən, həm də dövlət idarələrində həyata keçirilən əmək haqqı sisteminin yenidən qurulmasından qaynaqlandığı nəzərdə tutulur.
Həmçinin oxuyun: Milli Məclis Səbinə Əliyevanı yenidən ombudsman seçib

