Ağıllı saatlara aksiz: hər cihaza 20 manat vergi
carci.news
Maliyyə və bank

Vergi Məcəlləsinə düzəliş: ağıllı saat da mobil cihaz sayılacaq

Vergi Məcəlləsinə hazırlanan layihəyə görə, ağıllı saatlar mobil cihaz qrupuna aid ediləcək və hər bir ədədinə 20 manat aksiz tutulacaq. Dəyişikliyin məqsədi mobil cihaz termininin dəqiq müəyyənləşdirilməsidir.

Vergi Məcəlləsinə edilməsi nəzərdə tutulan yeni düzəliş layihəsi ağıllı saat aksizi ilə bağlı qaydaları aydınlaşdırır. Hazırda qüvvədə olan və 1 yanvar 2026-cı il tarixindən tətbiq edilən normaya əsasən, mobil cihazlar aksiz obyekti siyahısına salınıb və hər bir cihaz üçün 20 manat ödəniş müəyyənləşdirilib. Bununla yanaşı, fiziki şəxslərə il ərzində yalnız bir mobil cihazı gömrük ödənişi etmədən, şəxsi ehtiyacları üçün ölkəyə gətirmək imkanı yaradılıb.

Qanun qüvvəyə mindikdən sonra daxil olan bir sıra müraciətlərdə bildirilib ki, fərdi əlaqə saxlamaq funksiyası olmayan bəzi texniki avadanlıqlar da gömrükdən keçirilərkən aksizə cəlb edilir və bu, ciddi əngəllər törədir.

Bu çətinlik daha çox ölkənin kommunal şəbəkəsinin yeniləşdirilməsi işləri çərçivəsində gətirilən ağıllı qaz sayğacları ilə əlaqədar üzə çıxıb. Həmin sayğaclarda quraşdırılan təzyiq və temperatur sensorları, eləcə də data ötürülməsi üçün nəzərdə tutulan rabitə blokları da mübahisəyə səbəb olub. Bu cihazların içərisində SIM-kart yuvası və ya IMEI nömrəsinin mövcudluğu onların gömrük orqanları tərəfindən “mobil cihaz” statusunda qəbul edilməsinə və aksiz tələbinin yaranmasına gətirib çıxarıb.

Mobil cihaz tərifi necə dəqiqləşdiriləcək

Nazirlər Kabinetinin 2011-ci il 28 dekabr tarixli, 212 nömrəli qərarı ilə təsdiq edilmiş qaydaya görə, mobil cihaz termini altında mobil operatorların şəbəkəsindən sellülar xidmət götürə bilən telefon aparatı və digər son avadanlıq nəzərdə tutulur.

Hazırlanan layihəyə əsasən, bundan sonra təkcə şəbəkəyə qoşulma qabiliyyəti deyil, həmin qoşulmanın hansı məqsədə xidmət etdiyi də əsas götürüləcək. Belə ki, SIM-kart və ya eSIM üzərindən şəbəkəyə birləşərək səsli danışıq xidməti göstərən qurğular — mobil telefonlar, planşet kompüterlər və ağıllı saatlar daxil olmaqla — mobil cihaz qrupuna daxil ediləcək. Bu addımla səsli rabitə imkanı olmayan avadanlıqların, o cümlədən ağıllı qaz sayğaclarının aksizdən kənarda saxlanılması nəzərdə tutulur.

Related posts

2027-ci ildə orta aylıq əmək haqqı 1288,30 manat proqnozlaşdırılır

Editor

Mərkəzi Bank: dollar sabit, avro ucuzlaşıb, rubl bahalaşıb

Editor

Gürcüstandan xarici köçürmələrdə Azərbaycan birinci sıraya yüksəlib

Editor

Şərh yazın

IP geolocation by DB-IP