Nepal polisi Azərbaycan və Kanadada yüksəkmaaşlı iş vəd edərək vətəndaşları aldatmaqda şübhəli bilinən iki nəfəri saxlayıb. Şübhəlilərdən birinin Azərbaycanla bağlı 3,2 milyon rupi, digərinin isə Kanada ilə əlaqəli 345 min rupi aldığı bildirilir.
Nepal polisinin Mərkəzi Mətbuat Xidməti bildirib ki, vətəndaşlara Azərbaycan və Kanadada iş təklifi ilə fırıldaqçılıqda şübhəli bilinən iki nəfər saxlanılıb. Tutulan şəxslər 56 yaşlı Punya Prasad Niraula ilə 20 yaşlı Şreya Şrestha olub, hər ikisi Nepalın paytaxtı Katmanduda yaxalanıb.
Araşdırmaya əsasən, Punya Prasad Niraula bir şəxsə Azərbaycanda məşğulluq təmin edəcəyini vəd edərək ondan 3,2 milyon Nepal rupisi, yəni 35 min manatdan çox vəsait alıb. Şreya Şrestha isə başqa bir şəxsə Kanadada iş tapacağını deyərək 345 min rupi, yəni 3800 manatdan artıq məbləği ələ keçirməkdə şübhəli bilinir.
Şikayətçilərin sözlərinə görə, şübhəlilər pulu aldıqdan sonra onlarla əlaqəni kəsiblər.
Hadisə ilə bağlı şübhəlilər əlavə istintaq və qanuni addımların atılması məqsədilə Xaricdə Məşğulluq Departamentinin ixtiyarına verilib. İşlə bağlı araşdırmalar hələ də davam edir.
