“Zamin əmlak agentliyi”nin rəhbəri Oqtay Zərbəliyev və daha 8 nəfərin güzəştli ipoteka vədi ilə vətəndaşlardan 3 milyon 600 min manat ələ keçirdiyi iddia olunan cinayət işində məhkəmə istintaqı başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə prokuror təqsirləndirilən şəxslərə cəza tədbiri tətbiq olunmasını tələb edib. Onun təklifinə görə, Oqtay Zərbəliyev, Ramin Nağdəliyev və Ədib Kazımov 9 il 6 ay, Orxan Əliyev 9 il, Natiq Şahmuradov 8 il, Qalib Bayramov və Bəxtiyar Məhərrəmov 7 il, Valeh Rustəmov və İlqar Məmmədov isə hər biri 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilsin.
İstintaqın məlumatına görə, “Zamin əmlak agentliyi”nin direktoru Zərbəliyev və satış menecerləri qabaqcadan razılaşaraq bir qrup halında hərəkət ediblər. Onlar agentliyə müraciət edən vətəndaşlara güzəştli şərtlərlə ipoteka yolu ilə mənzil əldə etməkdə köməklik göstərəcəklərini vəd ediblər, əslində isə bu vədlər yalan olub.
Bu üsulla qrup üzvləri zərərçəkmiş şəxslərdən ümumilikdə 3 milyon 600 min manat məbləğində pul yığıblar. Hərəkətlərinə görə onlara Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi (külli miqdarda dələduzluq) ilə ittiham irəli sürülüb.
İstintaq zamanı Qalib Bayramov və Bəxtiyar Məhərrəmov barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib, qalan təqsirləndirilənlər isə həbsdə saxlanılır.
