Binəqədi rayonunun Biləcəri qəsəbəsində, sakinlərin Dəmiryol Xəstəxanası adlandırdığı tibb obyektinin ərazisində sökülmə əməliyyatları icra olunur. Yerində yaşayış binası tikiləcəyi iddialarına cavab olaraq rəsmilər bildirib ki, ərazidə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi üçün yeni infrastruktur yaradılması nəzərdə tutulub.
Biləcəridə yerləşən və uzun müddətdir Dəmiryol Xəstəxanası adı ilə tanınan tibb müəssisəsinin ərazisində söküntü işləri aparılır. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti açıqlama yayaraq bildirib ki, Nazirlər Kabinetinin 2024-cü il 21 avqust tarixdə qəbul etdiyi qərara görə, əvvəllər dəmir yolu strukturuna bağlı olan tibb obyektləri və onların əmlakı artıq şirkətin mülkiyyətində qalmayıb.
Açıqlamaya əsasən, Mərkəzi Dəmiryol Xəstəxanasının balansı hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məxsusdur. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdiri Tural Qurbanov bu dəyişikliyin Nazirlər Kabinetinin müvafiq sərəncamı əsasında baş tutduğunu açıqlayıb.
Qurbanovun sözlərinə görə, həmin sərəncam çərçivəsində xəstəxananın yerləşdiyi ərazidə nazirliyə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi üçün yeni infrastrukturun yaradılması nəzərdə tutulub. Agentlik tərəfindən əlavə edilib ki, tikinti prosesinin gedişi və burada göstəriləcək xidmətlər haqqında ictimaiyyət mərhələlərlə məlumatlandırılacaq.
