Azərbaycanda avtobus istehsalı 77,4 faiz artıb
carci.news
Biznes və investisiya

Azərbaycanda avtobus istehsalı 10 ayda 77,4 faiz artıb

Azərbaycanda bu ilin yanvar-oktyabr aylarında 282 ədəd avtobus istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 77,4 faiz çoxdur. Məlumat Dövlət Statistika Komitəsinin hesabatında yer alıb.

Komitənin açıqladığı məlumata görə, avtobus istehsalının artması ilə yanaşı, noyabrın 1-nə ölkədə 38 ədəd hazır avtobus ehtiyatı toplanıb. Eyni zamanda, nəqliyyat vasitələrinin digər növləri üzrə istehsal göstəriciləri fərqli istiqamətdə dəyişib.

Belə ki, yük avtomobillərinin istehsalı daha kəskin templə artıb – ilin 10 ayında 750 ədəd yük maşını buraxılıb, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,7 dəfə çoxdur. Noyabrın 1-nə yük avtomobillərinin hazır ehtiyatı 67 ədəd təşkil edib.

Minik avtomobillərinin istehsalı isə əksinə azalıb. Yanvar-oktyabr aylarında cəmi 2 300 ədəd minik avtomobili buraxılıb ki, bu da bir il öncəki göstəricidən 980 ədəd və ya 29,9 faiz aşağıdır. Həmin məhsul qrupu üzrə noyabrın 1-nə 238 ədəd ehtiyat yaranıb.

Traktor istehsalında da geriləmə qeydə alınıb: hesabat dövründə 407 ədəd traktor istehsal edilib, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 4,7 faiz aşağıdır. Ehtiyat isə 6 ədəd olub.

Ümumilikdə, maşın və avadanlıq istehsalı sahəsində isə vəziyyət qarışıq xarakter daşıyıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, ilin ilk 10 ayında maşın və avadanlıqların, həmçinin avtomobil, qoşqu və yarımqoşquların ümumi istehsalı 350,9 milyon manat həcmində olub. Bu zaman maşın və avadanlıqların istehsalı 75,2 faiz azalsa da, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 77,2 faiz artıb.

Related posts

Utilizasiya fondu bağlanır, “Təmiz Şəhər” ödənişlərin kəsilməyəcəyini vurğulayıb

Editor

Azərbaycanda yanvar-avqustda e-satınalmaların dəyəri 2,7 milyard manat olub

Editor

Azərbaycanda pərakəndə ticarətin həcmi 10 ayda 57,5 milyard manatı keçib

Editor
IP geolocation by DB-IP