Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) “Koneks Construction” MMC ilə 2-ci korpusun əsaslı təmiri üçün 22 milyon 863 min 519 manatlıq yeni satınalma müqaviləsi bağlayıb. Bu, həmin iki tərəf arasında bu ay imzalanan ikinci oxşar müqavilədir.
Müqavilə birmənbə üsulu ilə imzalanıb, yəni satınalma dövlət satınalmalarının vahid internet portalında açıq tender şəklində aparılmayıb. Sənəd ADNSU-nun (VÖEN: 1400196861) və “Koneks Construction” MMC-nin (VÖEN: 3103278031) arasında bağlanıb və universitetin 2-ci tədris korpusunun əsaslı təmir işlərinin maliyyələşdirilməsini nəzərdə tutur.
Bundan əvvəl, həmin ayın əvvəlində ADNSU eyni şirkətlə yenə 2-ci korpusun əsaslı təmiri üçün 23 milyon 363 min 670 manatlıq müqavilə imzalamışdı. Beləliklə, iki müqavilənin ümumi həcmi 46 milyon manatı keçib.
“Koneks Construction” MMC 2019-cu ildə qeydiyyatdan keçib, nizamnamə kapitalı 580 min 10 manatdır. Şirkətin qanuni təmsilçisi Fərzəliyev Mehdi Məhəmmədəli oğludur, hüquqi ünvanı isə Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, ev 39, mənzil 202-dir.
Foto: Press Service of the President of the Republic of Azerbaijan / Wikimedia Commons, CC BY 4.0
