Azərbaycanda 11 rayonu əhatə edən 30 bələdiyyə torpaq sahəsi dekabrın 23-də hərraca çıxarılacaq. Sahələrdən 3-ü mülkiyyətə satılacaq, qalan 27-si isə 15 illik müddətə icarəyə veriləcək.
Əmlak Məsələləri Dövlət Xidmətinin bildirdiyinə görə, bələdiyyə torpaqları hərracı saat 15:00-da start götürəcək. İştirak etmək istəyənlərin sənədləri 23 noyabrdan 21 dekabr 2026-cı il tarixinədək qəbul olunacaq, torpaq sahələri və müqavilə layihələri ilə isə dekabrın 22-dək aidiyyəti ərazi şöbələrində tanışlıq mümkün olacaq.
Satış üçün nəzərdə tutulan 3 sahə Goranboy, Gədəbəy və Beyləqan rayonlarındadır. Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində fərdi ev tikintisinə ayrılmış 270 kvadratmetrlik torpaq üçün başlanğıc qiymət 3 510 manat olaraq göstərilib.
Gədəbəy rayonunun Qurudərə kəndində sahibkarlıq məqsədli 240 kvadratmetrlik torpaq sahəsinin qiyməti 7 200 manat təşkil edir. Beyləqan şəhərində isə oxşar təyinatlı, lakin 69 kvadratmetrlik kiçik sahə 3 839 manat 85 qəpiyə satışa qoyulub.
Ən böyük icarə sahəsi Biləsuvarda yerləşir
İcarə üçün ayrılan torpaqlar arasında həcmcə ən böyüyü Biləsuvar rayonunun Səmədabad kəndindədir. Heyvandarlıq fəaliyyəti üçün nəzərdə tutulan 70,56 hektarlıq bu ərazinin başlanğıc illik icarə haqqı 7 761 manat müəyyənləşdirilib.
Sabirabad rayonunda ümumilikdə 14 torpaq sahəsi icarəyə verilir. Quruzma kəndində əkinçilik üçün ayrılmış 8 300 kvadratmetrlik torpağın illik icarə ödənişi 141 manat, Xankeçən kəndində yerləşən 16,26 hektarlıq əkin sahəsi üçün isə bu rəqəm 2 927 manat olacaq.
Digər geniş sahələr sırasında Lənkəranın Liman şəhərindəki 7 hektarlıq torpaq (illik icarə haqqı 1 806 manat) və Goranboyun Muzdurlar kəndindəki 10,38 hektarlıq ərazi (illik 3 114 manat) qeyd olunub. Hər iki ərazi kənd təsərrüfatı məhsullarının becərilməsi üçün nəzərdə tutulub.
Hərraca daxil edilən qalan bələdiyyə torpaqları Zərdab, Ucar, Bərdə, Ağstafa və Şəki rayonlarında yerləşir.
