Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) açıqlamasına görə, oktyabr ayında ölkədə tikinti indeksi 113,5 bəndə çatıb ki, bu da 2025-ci ilin dekabr ayından bəri 13,5 % yüksəliş deməkdir. Göstəricinin qalxmasının yeganə səbəbkarı tikinti materiallarının bahalaşması olub.
Azərbaycan Qiymətləndiricilər Palatasının hesabatında bildirilir ki, sentyabr ayı ilə müqayisədə tikinti xərcləri 3 % artıb. Bu artımda tikinti indeksi göstəricisinin əsas hərəkətverici qüvvəsi material qiymətləri olub, çünki əmək haqqı və texnika icarəsi üzrə rəqəmlər dəyişməz qalaraq müvafiq olaraq 106,2 və 103,8 səviyyəsində saxlanılıb.
Taxta, qravil və şeben qiymətləri qalxıb
Yalnız materiallara aid alt indeks bir ayda 4,6 % artaraq 117,8 bəndə yüksəlib. Bir kubmetr taxtanın qiyməti 380 manatdan 400 manata (5,3 %) qalxıb, qravil isə 32 manatdan 35 manata bahalaşaraq ayın ən çox artan məhsuluna çevrilib — 9,4 %. Paralel olaraq şeben 35 manatdan 36 manata yüksəlib, atsepin dəyəri isə sabit saxlanılıb.
Ümumilikdə material bahalaşmasının təqribən yarısı (46 %) taxta payına, 41 %-i qravilə, qalan 13 %-i isə şebenə aid edilir. Materialların ümumi indeksdə 65 % çəkiyə malik olduğu nəzərə alınarsa, onların ümumi göstəriciyə təsiri 3,3 bənd təşkil edib. AQP qeyd edib ki, qravil hesablamaya ilk dəfə daxil edildiyi üçün onu çıxdıqda aylıq artım 3 % yox, 2,2 % olardı.
Mənzilin maya dəyəri yüksəlib
Palatanın smeta modelinə əsasən, 10.000 kvadratmetrlik çoxmərtəbəli binanın torpaq xərci çıxılmaqla tikinti maya dəyəri sentyabrdakı 409,3 manat/kvadratmetrdən oktyabrda 420,8 manat/kvadratmetrə qalxıb ki, bu da 2,8 % artım deməkdir. Həmin hesablamaya yalnız birbaşa tikinti xərcləri deyil, həm də podratçı, developer, layihələndirmə və ekspertiza xərcləri daxil edilib. Beləliklə, 100 kvadratmetrlik sahənin torpaqsız dəyəri bir ayda təxminən 40,9 min manatdan 42,1 min manata qalxıb.
Tam hazır vəziyyətdə tikintinin indikativ dəyəri oktyabr üçün təqribən 875 manat/kvadratmetr olaraq qiymətləndirilir. AQP izah edib ki, bu rəqəm müstəqil smeta hesabı deyil, indeksə əsaslanan yönləndirici göstəricidir və torpaq sahəsi, ƏDV, lift, mühəndis-kommunikasiya şəbəkələri, maliyyələşmə, satış-təbliğat xərclərini və kommunal şəbəkəyə qoşulma ödənişlərini özündə cəmləşdirmir. Bu səbəbdən tikintinin maya dəyərini mənzilin bazarda satılan qiyməti ilə qarışdırmaq düzgün deyil.
AQP hər ay tikinti, daşınmaz əmlak və avtomobil bazarlarına dair indeksləri açıqlayır. Qurum əlavə edib ki, qiymətləndiricilər xərc metodundan istifadə edərkən hesabatlarında hansı indeks buraxılışına istinad etdiklərini mütləq qeyd etməlidirlər.
