Azərbaycanda tədqiqat və işləmələr üzrə ümumi xərclər 2025-ci ildə 301 milyon 400 min manat səviyyəsinə yüksəlib. Göstərici əvvəlki illə müqayisədə 37 milyon 100 min manat, yəni 14,1 faiz artım nümayiş etdirib.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata əsasən, Azərbaycanda tədqiqat xərcləri 2025-ci ildə 301 milyon 400 min manata çatıb. 2024-cü ildə bu göstərici 264 milyon 200 min manat olub, yəni artım 37 milyon 100 min manat və ya 14,1 faiz təşkil edib.
Son beş illik dövr nəzərə alınarsa, elmi tədqiqatlara yönələn maliyyə vəsaitinin artım tempi daha aydın görünür. 2020-ci ildə həmin sahəyə cəmi 168 milyon 900 min manat xərclənmişdisə, beş il ərzində bu rəqəm 78,4 faiz çoxalıb.
Dövlət büdcəsi hesabına elmə yönəldilən maliyyələşmə də 2025-ci ildə 199 milyon 400 min manata bərabər olub. Əvvəlki dövrlə müqayisədə bu məbləğ 2 milyon 200 min manat, başqa sözlə 1,1 faiz yüksəlib.
Bununla belə, dövlətin elmə ayırdığı vəsaitin ölkənin ümumi daxili məhsuluna nisbəti bir qədər geriləyib – göstərici 0,16 faizdən 0,15 faizə düşüb.
