Beynəlxalq reytinq qurumu S&P Global Fransanın uzun və qısamüddətli kredit reytinqini “A+/A-1” səviyyəsində dəyişməz saxlayıb, lakin ölkə üzrə proqnozu “sabit”dən “mənfi”yə çevirib. Bunun arxasında yüksək büdcə kəsiri və artan dövlət borcu dayanır.
S&P Global reytinq agentliyinin qiymətləndirməsinə görə, Fransanın kredit reytinqi “A+/A-1” olaraq qalıb, ancaq proqnoz “mənfi”yə dəyişilib. Agentlik bunu ölkədə böyük büdcə kəsirinin necə aradan qaldırılacağı barədə siyasi qüvvələr arasında aydın razılaşmanın olmaması, zəif iqtisadi artım gözləntiləri və dövlət borcunun artması ilə izah edib.
Qurum bildirib ki, qarşıdakı iki il ərzində kəsir kəskin azalmasa və ya artım uzun müddət proqnozlardan aşağı qalsa, Fransanın kredit reytinqi aşağı salına bilər.
Hesablamalara görə, ölkənin ümumi dövlət büdcə kəsiri 2026-cı ildə əvvəlki proqnozlardan daha yüksək olacaq və ÜDM-in 5,5 faizinə bərabərləşəcək. Zəif artım dinamikası və əlavə qənaət tədbirlərinin görünməməsi səbəbindən 2027-ci ildə kəsirin 5,3 faiz civarında qalacağı gözlənilir.
Sənəddə həmçinin vurğulanıb ki, bu tendensiya davam etdiyi təqdirdə Fransanın xalis dövlət borcu 2029-cu ilə qədər ÜDM-in 118 faizinə yüksələcək, bununla yanaşı faiz ödənişlərinə çəkilən xərclər də tədricən böyüyəcək.
Agentlik qeyd edib ki, ölkədəki siyasi parçalanmanın növbəti il baş tutacaq prezident seçkilərindən sonra belə yumşalmayaraq davam etmə ehtimalı istisna olunmur.
