“Azərbaycanı kəşf et” təşəbbüsü çərçivəsində Şahdağ Milli Parkının ərazisində yerləşən Qaranohur gölünə piyada yürüş təşkil olunub. Tədbir Azərbaycan Alpinizm Federasiyasının təşəbbüsü və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə keçirilib.
Federasiyadan verilən məlumata görə, yürüşdə federasiyanın, nazirliyin, dövlət və özəl sektorun nümayəndələri də daxil olmaqla 22 nəfər iştirak edib. Milli parkın əməkdaşları iştirakçılara ərazinin flora və faunası barədə məlumat veriblər.
Qeyd olunub ki, “Azərbaycanı kəşf et” təşəbbüsü Azərbaycanın təbiət guşələrinin tanıdılması, dağ yürüşlərinə marağın artırılması və ekoloji maarifləndirmənin gücləndirilməsi məqsədi daşıyır.
