Gürcüstanın Baş naziri İrakli Kobaxidze “İmedi” telekanalına müsahibəsində bildirib ki, Azərbaycanla dostluq münasibətləri ölkəsinə iqtisadi təhlükəsizlik məsələləri, o cümlədən qaz təchizatı və qiyməti ilə bağlı mühüm razılaşmalar əldə etməyə imkan yaradıb.
Onun sözlərinə görə, Azərbaycanla dostluq şəraitində aparılan danışıqlar nəticəsində iqtisadi təhlükəsizliklə birbaşa bağlı olan son dərəcə mühüm razılaşmalar, o cümlədən qazın həcmi və qiyməti barədə anlaşmalar əldə olunub. Baş nazir bunu dostluq və qarşılıqlı asılılığa əsaslanan münasibətlərin nəticəsi adlandırıb.
Qeyd edilib ki, Azərbaycanın Gürcüstana təbii qaz tədarükünə dair saziş 2026-cı ilin oktyabrında Gürcüstan və Azərbaycan arasında hökumətlərarası danışıqların uğurla başa çatmasından sonra daha 20 il müddətinə uzadılıb.
Rusiya və Türkiyə ilə münasibətlərə toxunan Kobaxidze Gürcüstanın dəqiq müəyyən edilmiş “qırmızı xətləri” olduğunu və hakimiyyətin bu prinsiplərdən heç vaxt geri çəkilmədiyini vurğulayıb.
