UNEC ilə “Yelo Bank” ASC arasında əməkdaşlığın genişləndirilməsinə dair memorandum imzalanıb. Sənədi UNEC-in rektoru professor Ədalət Muradov və bankın İdarə Heyətinin sədri Anar Həsənov imzalayıb.
Memorandumun əsas məqsədi tələbələrin maliyyə və kapital bazarları üzrə nəzəri biliklərini praktiki bacarıqlarla zənginləşdirmək, onların peşəkar inkişafına dəstək verməkdir.
Əməkdaşlıq çərçivəsində “Yelo Bank”ın mütəxəssisləri UNEC tələbələri üçün kapital bazarları, emitentlər, investisiya şirkətlərinin fəaliyyəti, həmçinin innovativ maliyyə məhsul və xidmətləri mövzularında seminar və təlimlər təşkil edəcəklər. Bankın peşəkar mütəxəssisləri tədris prosesinə mühazirəçi, təlimçi və praktiki məşğələ rəhbəri kimi cəlb olunacaqlar.
Memorandum tələbələr üçün yeni karyera və təcrübə imkanları da açır. Belə ki, UNEC-də “Yelo Bank”ın iştirakı ilə Karyera günləri və karyera sərgiləri keçiriləcək, tələbələr bankın təcrübə, staj və istehsalat təcrübəsi proqramlarına cəlb olunacaq, mövcud vakansiyalar və təcrübə proqramları barədə məlumatlar job.unec.edu.az platformasında yerləşdiriləcək, təlim və seminarlarda fərqlənən tələbə və məzunlara sertifikatlar veriləcək.
