Rusiyada yaşayan, “Peton Holding”in həmtəsisçilərindən olan iş adamı Emin Axundovu şantaj edərək ondan pul və əmlak ələ keçirmə işi üzrə daha iki nəfərə – Hikmət Vəliyevə və Ramil Tağıyevə cinayət işi açılıb.
İstintaqı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi aparır. Hikmət Vəliyev xaricdə tutularaq Azərbaycana gətirilib və barəsində həbs qətimkan tədbiri seçilib, Ramil Tağıyev isə məhkəməyədək azadlıqdadır.
Hadisə bir neçə il əvvəl baş verib. Araşdırmaya görə, Emin Axundovun tanışı Ramil Tağıyev ona rayonlardan birində torpaq sahəsində istirahət kompleksi tikib onun adına keçirəcəyini vəd edərək 870 min manat alıb, lakin bu vəsaiti şəxsi ehtiyaclarına xərcləyib.
Sonradan Emin Axundovun maddi vəziyyətindən xəbər tutan Ramil Tağıyev onun var-dövlətini hədə-qorxu yolu ilə ələ keçirmək qərarına gəlib. Bu məqsədlə tanışı Hikmət Vəliyev və Emin Axundovun əmisi oğlu Vüsal Axundovla əlbir olub.
Üçlük biznesmen barədə şəxsi, ailə və biznes məlumatları toplayaraq onu ailə üzvlərinin təhlükəsizliyi ilə hədələyib, 20 milyon dollar tələb edib. Bu məbləğdən üç milyon dolları ələ keçirməyə nail olublar.
Daha sonra Emin Axundova məxsus bir sıra daşınmaz əmlak da hədə-qorxu yolu ilə Hikmət Vəliyevin yaxın qohumlarının adına keçirilib. Belə ki, Buzovna qəsəbəsindəki üç milyon manatlıq iki hektar torpaq sahəsi Hikmət Vəliyevin həyat yoldaşının, 1 milyon 380 min manatlıq başqa torpaq sahəsi isə digər qohumunun adına rəsmiləşdirilib.
Bundan əlavə, Çexiyanın Karlovi Vari şəhərində yerləşən 1,5 milyon manatlıq torpaq sahəsi, Bakının Xəzər rayonundakı Şağan qəsəbəsində 450 min manatlıq torpaq sahəsi və üzərindəki villa da biznesmenin əlindən alınıb. Ümumilikdə Emin Axundovdan götürülən pul və əmlakın dəyəri 11 milyon manatı keçib.
Bu cinayətdə iştirakına görə zərərçəkmişin əmisi oğlu Vüsal Axundov hadisədən qısa müddət sonra həbs olunaraq 14 il azadlıqdan məhrum edilib. Bir müddət əvvəl isə cinayət işi üzrə istintaq yenilənib. Hazırda Hikmət Vəliyev və Ramil Tağıyev məhkəməni gözləyir, təqsirləri sübuta yetirilərsə, onları da 14 ilədək həbs cəzası gözləyir.
Qeyd edək ki, iş adamı Emin Axundov vaxtaşırı mediada müzakirə mövzusu olub. Bir neçə il əvvəl onun Rusiyadan Bakıya çamadanlarla pul daşıdığı barədə məlumat yayılmışdı.
