Nəsimi Rayon Məhkəməsi mərhum Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni Rüfət Qasımzadə ilə onunla birlikdə tutulan Məmməd Məmmədzadəyə qarşı 1 aylıq həbs qətimkan tədbiri tətbiq edib. İkisi də zərərçəkənlərə 600 min manatdan artıq ziyan vurmaqda təqsirləndirilir.
Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 36 yaşlı Rüfət Qasımzadəyə və 37 yaşlı Məmməd Məmmədzadəyə münasibətdə 1 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Hər ikisi Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi, yəni külli həcmdə ziyan vurmaqla müşayiət olunan fırıldaqçılıq üzrə məsuliyyətə cəlb edilib.
Qasımzadənin adı bu il fevral ayından böyük məbləğdə dələduzluqla əlaqələndirilir. Hadisə barədə sosial media istifadəçiləri məlumat yaydıqdan sonra hüquq-mühafizə orqanları yoxlama prosesinə başlayıb.
İstintaq gedişində Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları hər iki nəfəri zərgərlik mallarının satışını bəhanə edərək 317 min manat məbləğində fırıldaq törətməkdə şübhəli bilib və saxlayıb. APA-nın məlumatına görə, iddia edilən ziyanın ümumi həcmi 600 min manatdan çoxdur.
Fakt üzrə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanılıb, Rüfət Qasımzadə və Məmməd Məmmədzadə təqsirləndirilən şəxs qismində istintaqa cəlb ediliblər.
Həmçinin oxuyun: Sabiq Baş konsul S.Qasımovun dələduzluq işi baxışa verildi
