Bakı, 23 sentyabr. “Azəralüminium” MMC-nin elektroliz zavodunun illik istehsal gücü 100 min tona çatdırılacaq. Bu hədəf Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənmiş “Dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı”nda əksini tapıb.
Sənədə əsasən, alüminium yayma məhsullarının illik istehsal gücü 50 min tona yüksəldiləcək. Texniki-iqtisadi əsaslandırmanın nəticələrinə uyğun olaraq kalsinasiya və anodbişirmə zavodunun istismara verilməsi və anod istehsalının təşkili də planlaşdırılır. Bundan əlavə, profil, naqil, kabel, folqa, lövhə, lent və içki qabları kimi yüksək əlavə dəyərli məhsulların istehsalı qurulacaq və genişləndiriləcək.
Proqram, həmçinin özəl sektor tərəfindən illik gücü təxminən 200 min ton olan yeni ilkin alüminium zavodunun yaradılması imkanlarının araşdırılmasını və bu istiqamətdə investor cəlbini nəzərdə tutur. Zəylik alunit yataqları əsasında yerli xammal bazasının inkişafı imkanları da qiymətləndiriləcək.

