Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON) Qazaxıstanın “Samruk-Kazyna” Milli Rifah Fondu ilə Bakı Beynəlxalq Dəniz Limanında intermodal yük terminalının qurulmasına dair saziş imzalayıb. Paralel olaraq Xəzər dənizində yeni bərə marşrutu üzrə də əməkdaşlıq razılaşması bağlanıb.
İki ölkə arasında nəqliyyat-logistika sahəsində əməkdaşlığı dərinləşdirən sənədlər AZCON Holdinqin icraçı direktoru Şahin Babayev başçılığındakı heyətin Qazaxıstana etdiyi səfər zamanı imzalanıb. Görüş “Samruk-Kazyna” Milli Rifah Fondunun İdarə Heyətinin sədri Nurlan Jakupov ilə keçirilib və bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.
Bakı limanında intermodal terminalın qurulması şərtlərini əks etdirən saziş isə konkret olaraq AZCON-un strukturuna daxil olan “Azərbaycan Dəmir Yolları” QSC ilə Qazaxıstanın “Қазақстан темір жолы” dəmir yolu şirkəti arasında imzalanıb. Tərəflər bu məqsədlə ortaq müəssisə qurmağı nəzərdə tutur; investisiya həcmi və maliyyə şərtləri isə layihənin iqtisadi əsaslandırılması tamamlandıqdan sonra müəyyənləşdiriləcək. Yeni infrastruktur konteyner yükdaşımalarının artmasına, liman və dəmir yolu şəbəkələrinin bir-biri ilə əlaqələndirilməsinə, həmçinin Orta Dəhliz üzrə yük daşınmasının sürətlənməsinə töhfə verəcək.
Ələt-Kurık bərə əlaqəsi gücləndiriləcək
İkinci imzalanan sənəd AZCON ilə “Samruk-Kazyna” arasında bağlanıb və “Xəzər körpüsü” (“Super Ferry”) adlanan yeni nəsil Transxəzər bərə sisteminin yaradılmasına dair strateji planın əsas xətlərini müəyyənləşdirir. Layihəyə əsasən, Ələt və Kurık limanları arasında yüksək tutumlu gəmilərlə mütəmadi yükdaşımalar təşkil ediləcək, ixtisaslaşmış terminallar inşa ediləcək və vahid logistika zənciri formalaşdırılacaq.
Tərəflərin bildirdiyinə görə, bu addımın əsas hədəfi dəniz və liman proseslərinə ayrılan müddəti qısaltmaq, yük daşımalarının etibarlılığını artırmaq və nəticədə Orta Dəhlizin rəqabət üstünlüyünü möhkəmləndirməkdir. Bu isə Xəzər hövzəsindəki nəqliyyat bağlarını daha da sıx edəcək.
Görüş çərçivəsində iki qurum idarəetmə təcrübəsini və törəmə şirkətlər arasındakı əlaqələndirmə mexanizmlərini də müzakirə ediblər. Bundan başqa, Orta Dəhliz, su altı dərinləşdirmə işləri və dəniz infrastrukturu üzrə gələcək əməkdaşlıq variantları da gündəmə gəlib.
