Azərbaycan 2026-cı ilin yanvar-avqust aylarında xarici ölkələrə 1 207 minik avtomobili satıb, bu əməliyyatlardan 137 milyon 143,86 min dollar (233 milyon 144,56 min manat) gəlir əldə edilib. İxrac olunan avtomobillərin əksəriyyəti benzin mühərrikli olub.
Rəsmi statistikaya görə, satılan avtomobillərin bir ədədinin orta gömrük dəyəri 113,6 min dollar (193,2 min manat) səviyyəsində formalaşıb. İxracın tərkibinə baxdıqda, 1 207 avtomobildən 604-ü benzinli, 243-ü dizel, 290-ı hibrid, 70-i isə tam elektrikli olub.
Ən böyük pay güclü benzinli avtomobillərə düşüb
Mühərrik həcmi 3 000 kubsantimetrdən çox olan benzinli avtomobillərdən 414 ədəd 75 milyon 345,04 min dollara (128 milyon 86,57 min manat) satılıb, bir avtomobilin orta dəyəri isə 182 min dollar olub. Bu kateqoriyada ən çox alıcı Qazaxıstan olub — 199 avtomobil 18 milyon 845,65 min dollara göndərilib. Qırğızıstana isə cəmi 39 avtomobil satılsa da, onların ümumi dəyəri 19 milyon 262,89 min dolları ötüb, bir avtomobilin orta qiyməti isə 493,9 min dollara çatıb.
Birləşmiş Ərəb Əmirliklərinə 128 avtomobil 18 milyon 780,24 min dollara, Gürcüstana 29 avtomobil 11 milyon 918,11 min dollara, Özbəkistana doqquz avtomobil 3 milyon 767,07 min dollara satılıb. Çinə dörd, Honkonqa üç, Tacikistana iki, Bolqarıstana isə bir avtomobil ixrac olunub.
Ümumilikdə benzinli avtomobillərin bütün kateqoriyaları üzrə ixrac dəyəri 84 milyon 460,92 min dolları təşkil edib. Mühərrik həcmi 1 500-3 000 kubsantimetr olan 180 avtomobil 8 milyon 958,94 min dollara, 1 000-1 500 kubsantimetrlik 10 avtomobil isə 156,94 min dollara satılıb.
Hibrid və elektromobillərə də tələb olub
Xarici mənbədən doldurula bilən hibrid avtomobillərdən 151 ədəd 16 milyon 546,52 min dollara, doldurulmayan hibridlərdən isə 139 ədəd 11 milyon 672,43 min dollara ixrac edilib. Hər iki hibrid kateqoriyası üzrə ümumi gəlir 28 milyon 218,95 min dollar (47 milyon 972,22 min manat) olub.
Tam elektrik mühərrikli avtomobillərdən 70 ədəd xaricə 7 milyon 31,38 min dollara (11 milyon 953,35 min manat) satılıb. Ən çox elektromobil Özbəkistana göndərilib — 16 ədəd 3 milyon 284,64 min dollara. Qırğızıstana satılan iki elektromobilin dəyəri isə 1 milyon 3,73 min dolları, yəni bir avtomobil üçün orta 501,9 min dolları təşkil edib. Birləşmiş Ərəb Əmirliklərinə 14, Türkiyəyə 33, Qazaxıstana bir, Gürcüstana üç, İrana isə bir elektromobil satılıb.
Dizel mühərrikli avtomobillərin ixracından 17 milyon 432,61 min dollar gəlir əldə edilib. Bunun əsas hissəsini mühərrik həcmi 2 500 kubsantimetrdən çox olan 236 avtomobilin 16 milyon 972,35 min dollarlıq (28 milyon 852,99 min manat) satışı təşkil edib, bir avtomobilin orta dəyəri isə 71,9 min dollar olub. 1 500-2 500 kubsantimetrlik dizel avtomobillərdən isə yeddi ədəd 460,26 min dollara ixrac edilib.
Həmçinin oxuyun: Əliyev Qırğızıstanla müttəfiqlik müqaviləsini və avtomobil daşımaları sazişini təsdiqlədi
