Britaniyanın enerji nəhəngi BP cari ilin üçüncü rübü üzrə düzəlişli mənfəətinin il əvvəlki dövrlə müqayisədə təxminən 300 faiz yüksələrək 8,5 milyard dollara çatdığını bildirib. Bu rəqəm 2022-ci ildən bəri şirkətin ən yüksək rüblük göstəricisidir.
BP-nin yaydığı maliyyə hesabatına əsasən, şirkətin bu ilin üçüncü rübündəki düzəlişli mənfəəti 8,5 milyard dollar olub. Ötən ilin eyni dövründə həmin göstərici cəmi 2,2 milyard dollar təşkil edirdi, yəni artım təxminən 300 faizə bərabərdir.
Hesabatda qeyd olunub ki, Yaxın Şərqdə davam edən hərbi qarşıdurma nəticəsində yaranan enerji təchizatı böhranı neft və qaz qiymətlərinin qalxmasına səbəb olub, bununla yanaşı mənfəət marjalarının genişlənməsi də nəticəyə müsbət təsir göstərib.
İlin yanvar-sentyabr dövrünü əhatə edən doqquz aylıq hesabata görə, BP-nin ümumi mənfəəti 17,4 milyard dollara çatıb. Müqayisə üçün, keçən il eyni müddətdə bu rəqəm 5,94 milyard dollar idi.
Əməliyyat pul vəsaitləri artıb
BP-nin baş icraçı direktoru Meg O’Nil enerji bazarlarının hələ də qeyri-sabitlik və fasilələrlə üzləşdiyini vurğulayıb. Onun sözlərinə görə, sahə dəyişən şəraitə tez uyğunlaşmaq baxımından böyük bacarıq göstərir ki, bu da zavodların demək olar ki, tam gücü ilə işləməsində və dəniz nəqliyyatının fərqli, daha uzun marşrutlara keçməsində özünü büruzə verir.
O’Nil bildirib ki, yüksək qiymətlər və artan marjalarla müşayiət olunan bazar konyukturası, həmçinin şirkət daxilində ümumi performansın yaxşılaşması güclü maliyyə göstəricilərinin əldə olunmasına şərait yaradıb. Onun sözlərinə görə, əməliyyat fəaliyyətindən daxil olan pul vəsaitləri 14,8 milyard dollara yüksəlib, bu isə xalis borcun 8,4 milyard dollar azalmasını təmin edib.
Rəhbər əlavə edib ki, BP xalis borc və struktur xərclərinin azaldılması istiqamətində qarşıya qoyulan planları yerinə yetirib, 2027-ci il üçün nəzərdə tutulan dörd əsas maliyyə hədəfindən qalan ikisinə çatmaq üçün isə aydın strategiyaya malikdir.
Həmçinin oxuyun: Azərbaycan bazarında ən bahalı 5 motosiklet: qiymətlər 80 min manata çatır
