Bakıda Azərbaycan və Honkonq alimləri elmi əlaqələrin genişlənməsini müzakirə edib - carci.news
Əsas xəbərlərTəhsil

Bakıda Azərbaycan və Honkonq alimləri elmi əlaqələrin genişlənməsini müzakirə edib

Paytaxtda keçirilən görüşdə AMEA və Honkonq Core Akademiyası nümayəndələri iki ölkə arasındaki elmi əlaqələrin dərinləşdirilməsi barədə fikir mübadiləsi aparıblar. Görüşdən sonra qonaqlar Qəbələdəki arxeoloji qazıntı sahəsinə də səfər ediblər.

Bakıda təşkil edilən görüşdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Honkonq Core Akademiyasının rəhbəri, akademik Di Çjan ilə görüşüb. Görüş zamanı Azərbaycan-Çin münasibətlərinin son illərdə strateji tərəfdaşlıq mərhələsinə keçdiyi, bunun da siyasi, iqtisadi, elmi və mədəniyyət sahələrində qarşılıqlı bağların möhkəmlənməsinə səbəb olduğu diqqətə çatdırılıb.

Həbibbəyli bildirib ki, AMEA hazırda Çinin bir sıra qurumları ilə – Çin Sosial Elmlər Akademiyası, Hebey Sosial Elmlər Akademiyası, Honkonq Core Akademiyası, həmçinin Pekində və Hebeydə fəaliyyət göstərən iki ali təhsil müəssisəsi ilə yaxın münasibətlər qurub. O həmçinin AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Çin Mədəniyyəti Mərkəzinin fəaliyyət göstərdiyini xatırladıb.

Həbibbəyli Di Çjanı yeni vəzifəyə – Honkonq Core Akademiyasının rəhbərliyinə gəlməsi münasibətilə təbrik edib və bu görüşün hər iki qurum arasında elmi tərəfdaşlığın daha da inkişaf etdirilməsinə töhfə verəcəyini bildirib. Di Çjan isə Azərbaycan ilə Çin arasındaki münasibətlərin yüksək səviyyəsinin ortaq elmi tədqiqatlar üçün əlverişli şərait yaratdığını qeyd edərək, əməkdaşlığın yeni istiqamətlərə genişləndirilməsinin vacibliyini vurğulayıb.

Tərəflər arasında aparılan söhbətlərdə iki ölkənin elm adamları arasında əlaqələrin sıxlaşdırılması, birgə layihə və araşdırmaların icrası, müxtəlif elmi tədbirlərin təşkili, eləcə də akademik nəşrlərin hazırlanması kimi mövzular müzakirə olunub. Görüşün sonunda Di Çjan AMEA-nın elmi katibi, akademik Arif Haşımova akademiyanın tammüddətli üzvlüyünü təsdiqləyən diplom və sertifikatı təqdim edib.

Bundan sonra qonaq nümayəndə heyəti akademik İsa Həbibbəylinin müşayiəti ilə Qəbələ rayonuna yollanıb, ərazidəki Arxeoloji Mərkəzdə davam edən qazıntı işlərini yaxından izləyib. Tarix elmləri doktoru, professor Qafar Cabiyev və tarix üzrə fəlsəfə doktoru Ceyhun Eminli aparılan qazıntı işləri və tapılan maddi-mədəni nümunələr barədə ətraflı məlumat verib. Səfər çərçivəsində qonaqlar Qəbələdəki Nic kilsəsini də ziyarət ediblər.

Görüşlərdə və səfər zamanı Honkonq Core Akademiyasının İcraiyyə Şurasının üzvü professor Li Ley, baş katibin müavini professor Reymond C. Vu, həmçinin akademiyanın işçisi Liu Mey də iştirak ediblər.

Related posts

Masallı və Bakı məktəblərində hicablı şagirdlərin buraxılmaması etiraza səbəb olub

Editor

ABC News: Pentaqonun bazasından 3 milyona yaxın şəxsin datası oğurlanıb

Editor

Kun.uz: Daşkənd və Bakı 2027-ci il üçün hərbi sahədə əməkdaşlıq sənədinə imza atdı

Editor

Şərh yazın

IP geolocation by DB-IP