Bank hesablarına giriş: Mərkəzi Bankdan yeni tövsiyələr
carci.news
Maliyyə və bank

Mərkəzi Bank bir cihazdan çoxlu hesaba girişə nəzarəti artırır

Azərbaycan Mərkəzi Bankı maliyyə sektorunda rəqəmsal dələduzluq risklərini azaltmaq üçün bank və ödəniş təşkilatlarına tövsiyələr göndərib. Onlardan biri eyni cihazdan bir neçə müştərinin hesabına daxil olma hallarına nəzarətlə bağlıdır.

Bank hesablarına giriş zamanı istifadə olunan cihazlarla bağlı tövsiyələr barədə Mərkəzi Bankın Rəqəmsal fırıldaqçılığın qarşısının alınması və monitorinqi şöbəsinin rəhbəri Elvin Cuvarov Bakıda keçirilən X Beynəlxalq Bankçılıq Forumunda danışıb.

Onun sözlərinə görə, qurumlara ilk növbədə cihazların etibarlılığını yoxlamaq, bir cihazdan müxtəlif müştərilərin hesablarına giriş cəhdlərini aşkarlamaq və yeni cihazlardan girişlərə nəzarət etmək tövsiyə olunur.

Tövsiyələrdə tokenləşdirmə, bank əməliyyatlarının real vaxtda izlənilməsi və pulu qəbul edən tərəflə bağlı nəzarət mexanizmləri də var.

Təhlil gələn ilin əvvəlinə qədər

Mərkəzi Bank maliyyə qurumlarından mövcud təhlükəsizlik sistemləri, bu sahədəki boşluqlar və onların aradan qaldırılması üçün planlaşdırılan tədbirlər barədə məlumat toplayıb. Cuvarov bildirib ki, bu məlumatlar ilin sonuna, ən gec gələn ilin əvvəlinə qədər təhlil olunacaq.

Təhlilin nəticəsindən asılı olaraq banklara əlavə tövsiyələr göndərilə və ya təhlükəsizlik sistemlərini təkmilləşdirmək üçün yeni tədbirlər müəyyən edilə bilər.

Related posts

ARDNF 2025-ci ili 26,9 milyard manat mənfəətlə başa vurub

Editor

2027-ci il büdcə layihəsində əmək haqqı xərcləri 16 faiz artırılır

Editor

Tikintiyə kreditlər 44,4 faiz artıb, emal sənayesinə investisiyalar 53 faiz azalıb

Editor
IP geolocation by DB-IP