Dövlət inhisarlarının özəlləşdirilməsi müzakirə olunur
carci.news
Biznes və investisiya

Dövlət inhisarlarının bir hissəsi rəqabətli bazara keçirilə bilər

Milli Fəaliyyət Planına əsasən 2028-2029-cu illərdə Azərbaycanda dövlətin inhisar şəklində iştirak etdiyi bəzi bazarların rəqabətli modelə keçirilməsi imkanları araşdırılacaq. Ekspertlər poçt, internet və yol tikintisi kimi sahələrin bu prosesə daha uyğun olduğunu bildirir.

Milli Fəaliyyət Planı çərçivəsində ilk mərhələdə rəqabətə açıla biləcək məhsul və xidmət bazarları müəyyənləşdiriləcək. Bu proses dövlət inhisarlarının tam və ya qismən özəlləşdirilməsini, özəl sektorun bazara çıxış imkanlarının genişləndirilməsini və idarəetmədə yeni modellərin tətbiqini nəzərdə tutur. Poçt, internet infrastrukturu, yol tikintisi və enerji istehsalı kimi sahələrdə rəqabətin formalaşdırılması müzakirə mövzusudur.

Hansı meyarlar əsas götürüləcək

Milli Məclisin deputatı Vüqar Bayramov dövlət inhisarlarının rəqabətli sistemə keçirilməsinin uzun müddətdir gündəmdə olduğunu deyib. Onun sözlərinə görə, bu addım iqtisadiyyatın şəffaflaşması, kölgə iqtisadiyyatının azalması və dövlət vəsaitlərinə qənaət baxımından əhəmiyyətlidir.

Bayramov bildirib ki, hansı sahələrin rəqabətə açılacağı müvafiq qiymətləndirmələrdən sonra müəyyənləşəcək. Əsas meyarlar sırasında sahənin dövlət tərəfindən nə dərəcədə subsidiyalaşdırıldığı, ona ayrılan vəsaitin həcmi və məhsulun maya dəyərinin özəl sektorla müqayisəsi göstərilir. Deputatın sözlərinə görə, söhbət əsasən dövlətin təbii inhisarçı olduğu sahələrdən gedir və beynəlxalq təcrübədə bəzən səhmlərin bir hissəsi, bəzən isə idarəetmə hüququ özəl sektora verilir.

Poçt, internet və yol tikintisi önə çəkilir

İqtisadçı-ekspert Emin Qəribli elektrik enerjisi, su və qaz təchizatı kimi sahələrin dünyada həm dövlət, həm də özəl qurumlar tərəfindən idarə edildiyini, lakin bu sahələrin böyük kapital tələb etdiyini və hazırda Azərbaycanda özəl sektor üçün yetərincə cəlbedici olmaya biləcəyini vurğulayıb. Onun fikrincə, “Azərbaycan Dəmir Yolları” kimi infrastruktur qurumlarına da bənzər yanaşma tətbiq oluna bilər.

Qəribliyə görə, poçt xidmətləri, internet xidmətləri, yol tikintisi və infrastruktur quruculuğu sahələrinin tədricən özəl idarəetməyə keçirilməsi daha məqsədəuyğundur. O qeyd edib ki, bu proses kəskin deyil, hazırlıq işlərindən sonra mərhələli şəkildə aparılmalıdır. Nümunə kimi alternativ enerji istehsalını göstərən ekspert bildirib ki, bu sahədə artıq Çin və ərəb şirkətləri kimi xarici investorlar fəaldır, ancaq istehsal olunan enerjinin daxili bazarda bölüşdürülməsi hələ “Azərişıq” kimi dövlət qurumlarının səlahiyyətindədir.

Təhsil kimi həssas sahələrdə ehtiyat tövsiyə olunur

Emin Qəribli iqtisadiyyatın şaxələndirilməsi üçün dövlətin bəzi idarəetmə səlahiyyətlərinin mərhələli şəkildə özəl sektora ötürülməsini zəruri sayır, lakin bütün strateji sahələrin tam özəlləşdirilməsini düzgün hesab etmir. O, təhsil müəssisələrini misal çəkərək, özəl məktəblər şəbəkəsinin artmasına baxmayaraq, bu sahədə dövlət nəzarətinin saxlanmasının bu gün də özünü doğrultduğunu bildirib.

Related posts

Improtex Group Bakıda 7-ci BMW Motorrad mağazasını açdı

Editor

Bakının ən baha küçələrində mənzil qiyməti 19 min manatı ötüb

Editor

Azərbaycan avtomobil idxalına çəkdiyi xərci 29 faizdən çox azaldıb

Editor

Şərh yazın

IP geolocation by DB-IP